AZ

Ermənilərin yarıdan çoxu hakimiyyətdən və müxalifətdən yorulub

Armenia Today-in sorğusu ölkədə siyasi inamsızlığın dərinləşdiyini göstərir...

Poliqon xəbər verir ki, Ermənistan əhalisinin əhəmiyyətli hissəsi həm hakimiyyətə, həm də müxalifət qüvvələrinə inamını itirib. Armenia Today nəşrinin 2025-ci il 20–30 sentyabr tarixlərində apardığı sorğunun nəticələrinə əsasən, vətəndaşların yarıdan çoxu növbəti parlament seçkiləri keçirilsə belə, hansı siyasi gücə səs verəcəyini bilmir və ya ümumiyyətlə seçkilərdə iştirak etməyi planlaşdırmır.

Sorğu video-müsahibə formatında Yerevanda və ölkənin bütün vilayətlərində aparılıb. Məqsəd seçicilərin hansı siyasi partiyaya və ya liderə üstünlük verdiyini, eləcə də onların gözləntilərinə cavab verə biləcək siyasi liderin hansı keyfiyyətlərə malik olmalı olduğunu öyrənmək olub.

Ümumilikdə 889 nəfər respondent iştirak edib: onlardan 334-ü Yerevandan, 276-sı digər şəhərlərdən, 279-u isə kəndlərdən olub. Sorğuda 477 qadın və 412 kişi iştirak edib.

Hakim partiyaya dəstək azalır, ictimai apatiya artır

Nəticələrə görə, iştirakçıların yalnız 21 faizi baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasına səs verməyə hazırdır. Respondentlərin 10,7 faizi isə “Taşir” qrupunun rəhbəri Samvel Karapetyanın tərəfdarlarının formalaşdırdığı siyasi gücü dəstəkləyəcəyini bildirib. Karapetyan hakimiyyətin Erməni Apostol Kilsəsinin rəhbərliyinə qarşı kampaniyasını tənqid etdiyinə görə həbs olunub.

Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku 4,8 faiz, iş adamı Qaqik Tsarukyanın başçılıq etdiyi siyasi qüvvə isə 3,6 faiz dəstək qazanıb. Digər partiyalar 1 faizlik həddi aşa bilməyib.

Cəmiyyətin yarıdan çoxu siyasi alternativ görmür

Sorğuda iştirak edənlərin 27 faizi öz namizədini müəyyən edə bilmədiyini, 18 faizi isə mövcud və keçmiş siyasətçilər arasında layiqli lider görmədiyini bildirib. 4,2 faiz respondent yeni, keçmiş və indiki hakimiyyətlə əlaqəsi olmayan siyasi gücün yaranacağına ümid etdiyini qeyd edib. 6,2 faiz isə ümumiyyətlə seçkilərdə iştirak etmək niyyətində deyil.

Ən çox qərarsız respondentlər gənclər (69 faiz) və orta yaşlılar (60 faiz) arasında qeydə alınıb. 60 yaşdan yuxarı vətəndaşlar arasında bu göstərici 47 faiz təşkil edir. Ən yüksək səviyyədə siyasi qeyri-müəyyənlik isə kənd yerlərində müşahidə olunur — burada 65 faiz respondent öz seçimini müəyyən etməyib.

Mütəxəssislərin fikrincə, nəticələr Ermənistan cəmiyyətində siyasi məyusluğun və etimadsızlığın dərinləşdiyini, həm hakimiyyətin, həm də müxalifətin geniş ictimai dəstək qazana bilmədiyini göstərir.

Poliqon.info

Seçilən
7
poliqon.info

1Mənbələr