İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli QHT.az-a açıqlamasında bildirib ki, “Azeri Light” markalı Azərbaycan neftinin qiymətinin azalması ölkə büdcəsinə müəyyən təsir göstərə bilər.
Onun sözlərinə görə, bu ilki dövlət büdcəsində Azərbaycan neftinin qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub, lakin hazırda dünya bazarlarında bu göstərici daha aşağıdır.
“Qiymətlərin uzunmüddətli enməsi büdcə gəlirlərinin azalmasına və valyuta daxilolmalarının zəifləməsinə səbəb ola bilər. Təbii ki, bu, arzuolunan hal deyil. Belə halların mənfi təsirini minimuma endirmək üçün qeyri-neft sektorunun inkişafı prioritet olmalıdır. Valyuta gəlirlərinin digər istiqamətlərdən büdcəyə daxil olmasını təmin etməliyik. Bunun üçün ölkənin potensialı kifayət qədərdir. Kənd təsərrüfatının inkişafı, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi bu prosesin kompensasiyasına kömək edə bilər,” – deyə ekspert əlavə edib.
Pərvanə Fərhadqızı