AZ

Azərbaycan-Rusiya: konstruktiv dialoq, normallaşan münasibət

MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında keçirilmiş görüş iki ölkə arasında münasibətlərin nizama salınması, qarşılıqlı etimadın bərpası və yeni mərhələyə keçid baxımından mühüm əhəmiyyət daşıyır. Görüşün siyasi-ictimai rezonansı göstərdi ki, rəsmi Bakı və Moskva arasında münasibətlər artıq normallaşma məcrasına daxil olub.

Məsuliyyətin etirafı 

Rusiya Prezidenti Vladimir Putin görüş zamanı müzakirələrə ötən ilin dekabrında Azərbaycan Hava Yolları Şirkətinə məxsus sərnişin təyyarəsinin Rusiya Hərbi Hava Qüvvələri tərəfindən vurulması faktı ilə başlamaq təşəbbüsündən çıxış etdi və hadisə ilə bağlı bütün suallara aydınlıq gətirməyə çalışdı. Rusiya Prezidenti hadisənin baş verdiyi ilk günlərdə Azərbaycandan buna görə üzr istədiyini xatırlatdı. Vladimir Putinin Rusiya Hərbi Hava Qüvvələrinin atəşi nəticəsində təyyarəyə qəlpələrin dəyməsini və qəzanın da məhz bu səbəbdən baş verməsini etiraf etməsi rəsmi Kremlin hadisəyə görə məsuliyyəti öz üzərinə götürməsidir. Rusiya Prezidenti bununla bağlı bəyanatında Azərbaycana dəymiş ziyana görə kompensasiya ödəniləcəyini və hadisənin baş verməsinə görə günahkar olan məsul və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini, cəzalandırılacağını da vurğuladı. 

Azərbaycanın da hadisənin ilk günlərindən istədiyi məhz belə bir mövqeyin açıqlanması, baş vermis hadisəyə hüquq normaları çərçivəsində, beynəlxalq praktikaya uyğun münasibət göstərilməsi idi. Bu baxımdan rəsmi Bakı faciəyə münasibətdə Rusiya qarşısında hər hansı qeyri-mümkün, yaxud fövqəladə bir tələb irəli sürmürdü. Kremlin uzun müddətdən sonra da olsa, belə bir mövqeyə gəlməsi və Rusiya Prezidentinin bu mövqeyi Azərbaycan Prezidenti ilə görüşdə çatdırması isə şimal qonşumuzun əsla zəifliyinə dəlalət etmir. Əksinə, bunu Kremlin ədalət meyarlarına, beynəlxalq hüquq normalarına, eyni zamanda Azərbaycanla qarşılıqlı etimada hörmətlə yanaşmasının göstəricisi kimi dəyərləndirmək olar. 

Hərbi münaqişənin aktiv fazasında olan Rusiyanın, o cümlədən istənilən belə ölkənin səmasında bu cür faciəvi hadisələrin baş verməsindən əfsuslar olsun ki, heç kəs sığortalanmayıb. Belə durumlarda məsuliyyətin qəbul edilməsi və beynəlxalq təcrübəyə, hüquq normalarına uyğun addımların atılması isə iki ölkə arasında etimadın qorunmasına, qarşılıqlı anlayış göstərilməsinə xidmət edən konstruktiv addımdır.

Qarşılıqlı anlayış mühiti

Azərbaycan və Rusiya prezidentlərinin görüşü göstərdi ki, tərəflər hadisələrə emosiyalardan deyil, təmkinli və rasional müstəvidən yanaşmaq xəttinə sadiqdirlər. Görüşdə aparılan müzakirələr ikitərəfli münasibətlərin tam normallaşması istiqamətində əhəmiyyətli oldu.

Hər iki liderin davranışı göstərdi ki, qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri bu münasibətlərin əsasını təşkil edir.

Etiraf edək ki, məlum təyyarə olayından, ardınca Rusiyada soydaşlarımıza qarşı zorakı tərzdə aparılan əməliyyatlardan, nəticədə iki ölkə arasında münasibətlərin xeyli soyuqlaşmasından Azərbaycanı və Rusiyanı qətiyyən istəməyən bəzi dairələr istifadə etməyə çalışırdılar. Əfsuslar olsun ki, belə təxribatçılar arasında Rusiyada yaşayıb fəaliyyət göstərən Simonyan, Solovyov, Zatulin kimi ermənipərəst və anti-Azərbaycan yönümlü şəxslər də vardı. Onlar iki ölkə arasında gərginliyi mümkün qədər gücləndirməyə, süni qarşıdurma atmosferi formalaşdırmağa cəhd göstərirdilər. Prezidentlərin görüşü və apardıqları konstruktiv müzakirələrlə bu cəhdlər tam iflasa uğradı. Simonyanlar, Solovyovlar, Zatulinlər öz mənfur məqsədlərinə çata bilmədilər. 

Açığını desək, xalqımızı narahat edən əsas məsələlərdən biri də elə məhz Rusiyadakı bu müəyyən çevrələrin anti-Azərbaycan təbliğatı idi. Prezident Putinin media qarşısında səsləndirdiyi bəyanatlar isə Azərbaycan-Rusiya münasibətlərinin bu qüvvələrin məqsədlərinə zidd şəkildə, sağlam əsaslarda davam etdiyini sərgilədi, bu istiqamətdə aydın mesaj vermis oldu: rəsmi Moskva münasibətləri təxribatçılar yox, dövlətlərarası dostluq və qarşılıqlı maraqlar səviyyəsində qurur.

Qərbdəki bəzi dairələr və Rusiyadakı ermənipərəst qrupların təxribatçı məqsədləri bəlli idi. Onlar iki ölkə arasında "ikinci cəbhə" yaratmaq istəyirdilər. Lakin bu plan baş tutmadı. Bakı və Moskva müdriklik, qarşılıqlı etimad və təmkin nümayiş etdirərək bu sınaqdan uğurla çıxdılar.

Qarşılıqlı maraqlara söykənən ikitərəfli münasibətlər davam edəcək

Azərbaycan və Rusiya arasında münasibətlərin normallaşması təkcə iki ölkənin deyil, bütövlükdə regionun sabitliyi üçün müsbət hadisədir. Bu proses hər iki tərəfin faydasınadır - iqtisadi, humanitar və təhlükəsizlik sahələrində daha sıx əməkdaşlıq imkanları açır.

Yaxın qonşumuz olan Rusiya əsas ticarət tərəfdaşlarımızdandır. Bu ölkə ilə ticarət dövriyyəsinin, qarşılıqlı investisiyaların daha da artması, nəqliyyat, logistika, istehsal, mədəniyyət, təhsil və digər sahələrdə birgə layihələrin gerçəkləşməsi ölkəmizin inkişaf strategiyası ilə tam uzlaşır. Eyni zamanda Rusiya üçün də regionda infrastruktura və əməkdaşlığa açıq müstəvidə təmsil olunmaq baxımından geniş imkanlar yaradır.

Azərbaycanın həm Qərb, həm region ölkələri, həm də Rusiya ilə münasibətlərdə balansı qorumaq siyasəti güclüdür. Bu görüş də Azərbaycanın Rusiya ilə bərahərhüquqlu, qarşılıqlı hörmət və faydalılıq prinsiplərinə əsaslanan əlaqələri genişləndirmək niyyətini təsdiqləmiş oldu.

Münasibətlərin yeganə düzgün yolu

Hazırda ölkələrimiz arasında münasibətlərdə həllini gözləyən ən əsas məsələlərdən biri təbii ki, Rusiyada yaşayan və bu ölkənin vətəndaşları olan azərbaycanlılara qarşı təqiblərin dayandırılmasıdır. Prezidentlərin görüşündən sonra ehtimal olunur ki, bu məsələ üzrə aidiyyəti qurumlar, xüsusilə Rusiya hüquq-mühafizə orqanları lazımi impulsları alıblar və münasibətlərin normallaşması bu istiqamətdə də nizam yaradacaq. 

Atılacaq addımlar Rusiya dövlətinin həm öz çoxmillətli cəmiyyətinə, həm də Azərbaycanla dostluq münasibətlərinə sadiqliyinin real göstəricisi olacaq.

Azərbaycan və Rusiya prezidentlərinin görüşü bir daha göstərdi ki, emosiyadan uzaq, diplomatik və səmimi dialoq iki qonşu ölkə arasındakı münasibətlərin yeganə düzgün yoludur. Hadisələrin gedişi bir daha sübut etdi: təxribatlara uymayan, məsuliyyətli və realist siyasət həm Azərbaycan, həm də Rusiya üçün faydalıdır.

Münasibətlərin normallaşması iki ölkənin gələcəyinə, regionun sabitliyinə və xalqların rifahına yönəlmiş ortaq qalibiyyət kimi qiymətləndirilməlidir.

Bütün bunlar son onilliklərdəki bütün mürəkkəb proseslərin, kombinasiyaların qalibi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daha bir nailiyyətidir. Belə nəticələrin hər biri fədakar zəhmət, "dəmir iradə", sarsılmaz səbir və qətiyyət sayəsində başa gəlir. 

Azərbaycan Prezidenti İlham Əliyevin son bir neçə gündə 3 fərqli coğrafiyada baş tutan mötəbər tədbirlərdə - Avropa Siyasi Birliyinin Danimarkanın Kopenhagen şəhərində keçirilən Zirvə toplantısında, daha sonra ölkəmizin evsahibliyi ilə Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən Zirvə görüşündə, ardınca MDB Dövlət Başçıları Şurasının təşkil olunmuş toplantısında iştirakı, oktyabrın 12-də isə Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak üçün Misirə işgüzar səfəri dövlət rəhbərimizin nəhəng coğrafiyaları əhatə edən gərgin iş qrafikinin göstəricisidir. Bu tədbirlərdə Azərbaycanın oynadığı mühüm rol, cənab İlham Əliyevin şəxsiyyətinə böyük rəğbət müstəqil dövlətimizin, dövlət rəhbərimizin müasir dünya düzənindəki lider mövqeyinin, qlobal proseslərə təsir gücünün ifadəsidir. Getdikcə artan gücü, qüdrəti ilə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da böyük tarixi nailiyyətlərə imza atacaqdır.

İradə ƏLİYEVA,

"Azərbaycan"

Seçilən
1
azerbaijan-news.az

1Mənbələr