Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Prezident Əliyevin iştirakı ABŞ üçün vacibdir
Asif Nərimanlı: "Azərbaycan Qəzza sammitində Orta Dəhlizin gələcəyini formalaşdıracaq"
Yaxın Şərqdə geosiyasi arxitekturanın yenidən formalaşdırılması məqsədilə Misirin Şarm əl-Şeyx şəhərində qlobal miqyasda təsir gücünə malik liderlərin iştirakı ilə yüksək səviyyəli sammit keçirilib. Toplantının əsas gündəliyini Qəzza zolağında atəşkəsin təmin edilməsi, humanitar böhranın aradan qaldırılması və dayanıqlı sülh mexanizmlərinin institusionallaşdırılması təşkil edib. Azərbaycan Prezidenti İlham Əliyevin məhdud sayda dövlət başçılarının iştirakı ilə keçirilən Şarm əl-Şeyx sammitində iştirakı Azərbaycanın regiondakı diplomatik fəallığının bariz göstəricisidir.
Bu səfər həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar yaradır. Eyni zamanda, İslam dünyasında Azərbaycanın nüfuzunun və siyasi çəkisinin artdığını təsdiqləyən mühüm diplomatik addım kimi dəyərləndirilir. Prezidentin bu mühüm diplomatik platformaya dəvət olunması ölkənin beynəlxalq sistemdə artan strateji çəkisinin və Prezidentin fərdi diplomatik nüfuzunun bariz göstəricisidir. Prezident İlham Əliyevin sammitdə iştirakı Bakının regional aktor statusunu aşaraq qlobal diplomatik proseslərin aktiv iştirakçısına çevrildiyini nümayiş etdirir. Bu dəvət Azərbaycanın çoxvektorlu, balanslaşdırılmış və proaktiv xarici siyasət kursunun beynəlxalq miqyasda qəbul olunduğunu təsdiqləyir. Bakı qlobal gündəmin ən həssas məsələlərinin müzakirə olunduğu yüksək səviyyəli platformalarda təşəbbüslə çıxış edən etibarlı tərəfdaş kimi öz geosiyasi mövqelərini möhkəmləndirir. ABŞ Azərbaycanı Yaxın Şərq siyasətində daha fəal görməkdə maraqlıdır. Azərbaycan Cənubi Qafqazda həlledici ölkə olaraq, beynəlxalq münasibətlərdə yeni siyasi nizamın formalaşmasına mühüm töhfələr verir. Ölkənin yerləşdiyi region Qərblə Şərqi birləşdirən əsas nəqliyyat arteriyasının mərkəzində dayanır. Prezidentin köməkçisi Hikmət Hacıyev "X"də yazıb ki, dövlət başçısı İlham Əliyevin Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın artan regional rolunun və qlobal xarici siyasətdə "orta güc" (middle power) kimi mövqeyinin göstəricisidir: "Azərbaycan Yaxın Şərqdə sülh gündəliyi üzrə bütün tərəflər üçün arzuolunan tərəfdaşdır".
Millət vəkili Ceyhun Məmmədov "Şərq"ə deyib ki, Prezident İlham Əliyevin ABŞ dövlət başçısı Donald Trampın və Misir Ərəb Respublikasının rəhbəri Əbdülfəttah Əs-Sisinin dəvəti ilə bu Misirə səfəri Azərbaycana olan yüksək diqqətin, etimadın və beynəlxalq nüfuzun bariz göstəricisidir. Deputatın sözlərinə görə, Azərbaycan hər zaman İslam dünyasının ayrılmaz bir parçası kimi, regionda və ümumilikdə müsəlman ölkələri arasında sülhün, sabitliyin və əməkdaşlığın möhkəmlənməsi istiqamətində mühüm rol oynayıb: "Ölkəmiz Fələstin məsələsində daim prinsipial və ədalətli mövqe sərgiləyib, Suriyada baş verən hadisələrə münasibətdə isə humanitar və diplomatik sahədə fəal iştirakını davam etdirib. Bu ardıcıl və balanslı siyasət nəticəsində Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş, sözünə və mövqeyinə hörmətlə yanaşılan dövlət kimi tanınır. Misirə həyata keçirilən bu səfər yalnız rəsmi xarakter daşımır. Bu, həm də Azərbaycanın ərəb ölkələri və ABŞ ilə münasibətlərinin strateji səviyyədə inkişaf etdiyinin sübutudur. Azərbaycanın beynəlxalq arenadakı fəallığı, xüsusilə Yaxın Şərqdə sülh, sabitlik və quruculuq proseslərində artan rolu, ölkəmizin uğurlu, çoxşaxəli və balanslı xarici siyasət xəttinin növbəti təsdiqidir. Bu səfər Azərbaycanın dünya siyasətində artan çəkisini və diplomatik çevikliyini bir daha nümayiş etdirir".
Siyasi şərhçi Asif Nərimanlı da "Şərq"ə deyib ki, Azərbaycan üçün Qəzza sammiti Prezident İlham Əliyevin iştirakı fonunda xüsusilə maraqlıdır:

"Dövlət başçısı İlham Əliyevin belə bir sammitə dəvət edilməsində Azərbaycanın Yaxın Şərqin gələcəyinin qurulmasında potensial iştirakçılardan olması rol oynayır. Bakı Qəzza münaqişəsinin faktiki tərəflərindən olan Türkiyə və İsrail arasında təmasların təşkil edilməsi təcrübəsinə sahibdir. Bölgədə sülhün gəlməsinə hesablanmış Tramp planında da aktiv fəaliyyət göstərə bilər. Azərbaycanın Qəzza sammitinə dəvət edilməsində iki amil də qeyd olunmalıdır. Trampın yenidən aktuallaşdırdığı “İbrahim razılaşmaları”dır. İsrail və ərəb ölkələri arasında əməkdaşlığa hesablansa da, ABŞ Administrasiyasının coğrafiyanı genişləndirərək, Orta dəhliz xəttindəki ölkələri də daxil etmək istədiyi “İbrahim anlaşmaları”nda Azərbaycanın da yer alması gözləntiləri var. Qəzzada sülhün əldə edilməsi “İbrahim razılaşmaları”nın perspektivini müəyyən edəcək. Bu baxımdan, regionun gələcəyinin həll edildiyi sammitdə Azərbaycan liderinin iştirakı ABŞ üçün vacib görünür. Həmçinin, Azərbaycan Qəzzanın bərpasında iştirak edə bilər. Sammitdə bu məsələnin müzakirə ediləcəyi və digər iştirakçı ölkələr kimi, Azərbaycandan da bölgənin yenidən qurulmasında iştirakının istənilməsi istisna edilməməlidir".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.