AZ

Deputatın şirkəti 9 ayda 42,3 milyonluq sifariş alıb – MOM-la “Azəri Med” arasında şübhəli sövdələşmə

Milli Onkologiya Mərkəzi (MOM) 2025-ci ildə "Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə 6 satınalma müqaviləsi imzalayıb.
Bu müqavilələrdə aşağıdakı satınalma predmetləri nəzərdə tutulur:

Tibbi və digər avadanlıqların cari təmiri işləri və təmiri xidmətləri;

Tibbi və sair avadanlıqların satın alınması;

Kimyəvi dərman preparatları, reaktivlər, sarğı -ləvazimatlarının və materiallarının satın alınması;

His və Canregistr funksiyalarını özündə birləşdirən AKGÜN proqram təminatına illik xidmət haqqı;

Radioaktiv mənbələrin dəyişdirilməsi və yenisi ilə əvəz olunması xidmətləri;

Xətti sürətləndirici şüa avadanlıqlarının cari təmiri və onların tez sıradan çıxan hissələrinin və detallarının alınması, dəyişdirilməsi işləri;


MOM-la "Azəri Med” QSC arasında bağlanmış müqavilələrinin ümumi maliyyə dəyəri isə 42 336 822,58 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında gösərilir ki, "Azəri Med” QSC 2 iyul 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 000 manat olan şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30F-də yerləşir. QSC-nin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur.
"Azəri Med” QSC 2020-ci ilədək MMC kimi fəaliyyət göstərib. Həmin ildən şirkət təşkilatı-hüquqi formasını dəyişərək QSC-yə çevrilib.
"Azəri Med” QSC-nin satınalma müsabiqələrində fəal iştirakı və bir çox hallarda iri məbləğli tenderlərin qalibi seçilməsi təsadüfi deyil. Şirkətin güclü himayədarları olan sahibi var. Bu şəxs deputat Kamaləddin Qafarovdur.
Kamaləddin Qafarov 2015-ci ildən Milli Məclisdə təmsil olunur. Bu müddət ərzində deputat kimi hər hansı yaddaqalan fəaliyyəti olmayıb. Amma biznesmen kimi Kamaləddin Qafarov haqqında mediada çox yazılıb. Həmin yazılarda onun "Azəri Med” QSC-dən başqa da şirkətlərinin olduğu haqqında iddialar yer alır. Deputat bugünədək həmin iddiaları təkzib etməyib. Bu da mediada yazılanların həqiqəti əks etdirdiyi barədə qənaəti möhkəmləndirir.
Konkret olaraq "Azəri Med” QSC -nin Kamaləddin Qafarova məxsus olmasına gəlincə, bu, sadəcə quru iddiaların mediada yayılması ilə əsaslandırılımır.
"Azəri Med” QSC-nin hazırki qanuni təmsilçisi Famil Rəhimlinin Kamaləddin Qafarovla qohumluq əlaqələrinin olduğu bildirilir. Bundan başqa, 2009-2013-cü illərdə şirkətə Qafarov Hüsaməddin Şəmsəddin oğlu rəhbərlik edib. Bu şəxs də deputatın yaxın qohumudr.
Nəhayət, "Azəri Med” QSC-nin 2020-ci ilədək yerləşdiyi hüquqi ünvan – Bakı şəhəri Binəqədi rayonu, Mustafa Kamal Atatürk, ev 65A, məhəllə 3078A, mənzil 155-də Kamaləddin Qafarovun özünün və ailə üzləri qeydiyyatdadır. Bu barədə mediada da yazılıb.
Yeri gəlmişkən, Kamaləddin Heydərov Binəqədidən deputat seçilib.
Bütün bunlar "Azəri Med” QSC-nin deputata məxsus olmasına şübhə yeri qoymur.
"Dövlət satınalmalarının vahid elektron portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, MOM birqayda olaraq sifarişləri "Azəri Med” QSC-yə verir.
Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, Kamaləddin Qafarov 2014-2015-ci illərdə MOM-un direktor müavini vəzifəsində çalışıb. O, deputat seçiləndən sonra vəzifəsindən istefa verib. Qanunvericilik belə tələb edir. Lakin Kamaləddin Qafarov qanunlara özünə sərf formada əməl edir. Depuatat vəzifəsindən istefa versə də, biznes fəaliyyətini ara verməyib. Halbuki qanunvericilik deputatın biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir.
MOM "Azəri Med” QSC ilə elə rahat şəkildə işləyir ki, bəzən "Dövlət satınalmaları haqqında” Qanunu da görməzdən gəlir.
Mərkəzin şirkətlə birmənbə metodu üzrə bağladığı müqavilələr belə deməyə əsas verir. Məlumat üçün deyək ki, MOM cari ildə "Azəri Med” QSC ilə birmənbə metodu üzrə 2 satınalma müqaviləsi imzalayıb. Müqavilələrin ümumi maliyyə dəyəri 153 420 manatdır.
Bu müqavilələr üzrə satınalma predmetlərinə gəlincə, bunlar His və Canregistr funksiyalarını özündə birləşdirən AKGÜN proqram təminatına illik xidmət haqqı və radioaktiv mənbələrin dəyişdirilməsi və yenisi ilə əvəz olunması xidmətlərinin satın alınmasından ibarətdir.
Azərbaycanın tibb sektorunda "Azəri Med” QSC-dən başqa şirkətlər də faəliyyət göstərir. Həmin şirkətlər maddi-texniki bazasına görə heç də "Azəri Med” QSC-dən geri qalmır. Bu halda müsabiqə keçirmədən, birbaşa satınalma həyata keçirmək ən yaxşı halda qanun pzountusudur. Ən pis halda isə satınalmanın şəffaf olmadığı, hansısa qaranlıq məqsədlərə xidmət etməsidir.
Hər halda MOM və "Azəri Med” QSC yazıdakı qaranlıq məqamlara aydınlıq gətirməsi yaxşı olardı.
 
 

Seçilən
5
7news.az

1Mənbələr