AZ

İki superdövlət dünya iqtisadiyyatını çökdürür - Azərbaycanı nə gözləyir...


ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Çinə gömrük rüsumlarını 100 % artıracaq və noyabrın 1-də və ya ondan əvvəl ixrac nəzarəti tətbiq edəcək. Trampın sözlərinə görə, Çinin son dərəcə aqressiv mövqe tutduğu sonradan məlum olub. O, noyabrın 1-dən etibarən Çinin istehsal etdiyi bütün məhsullara ixrac nəzarəti tətbiq edəcəyini açıqlayıb. ABŞ prezidentinin dediyinə görə, o, bütün kritik proqram təminatına ixrac nəzarəti tətbiq edəcək.

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens qeyd edib ki, qarşıdakı həftələr Çinin ABŞ-la ticarət müharibəsi başlatmaq istədiyini, yoxsa “ağıllı” davranmağa hazır olduğunu göstərəcək. Vens vəziyyəti həssas adlandıraraq, çox şeyin Çinin reaksiyasından asılı olacağını qeyd edib: “Onlar son dərəcə aqressiv şəkildə cavab versə, sizə zəmanət verirəm ki, ABŞ prezidenti Çindən daha çox karta sahibdir. Əgər onlar ağıllı olmağa hazırdırlarsa,Tramp da həmişə ağıllı danışıqlar aparmağa hazırdır”. ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir isə qeyd edib ki, rəsmi Vaşinqton Çinlə ticarət müharibəsinə hazırdır, lakin müharibəyə başlamaq istəmir: “Bu, ticarət müharibəsi olmamalıdır, lakin lazım gələrsə, biz buna getməyə hazırıq. Hazırda hər iki tərəfin mövqeləri üzərində işləyirik və yaxın günlərdə irəliləyiş üçün bir yol olub-olmadığını anlamağa çalışacağıq”. Qeyd edək ki, son aylar Vaşinqton və Pekin arasında texnologiya ixracı, avtomobil sənayesi və yarımkeçiricilər sahəsində fikir ayrılıqları davam edir. Bu vəziyyətdə Tramp Pekinin “çox düşmənləşdiyini” qeyd edib. Amerika lideri əlavə edib ki, o, artıq Çin prezidenti Si Cinpinlə görüşməkdə məqsəd görmür. Çin rəsmilərinin oktyabrın 9-da nadir torpaq metallarının ixracına yeni məhdudiyyətlər elan etməsindən dərhal sonra Tramp Pekini daha yüksək tariflərlə hədələyib.Bu qərarın Çinin ticarət mövqeyini gücləndirmək məqsədi daşıdığı bildirilir. Çin nadir torpaq metallarının əsas tədarükçüsü olaraq qalır və qlobal bazarın təxminən 70%-ni təşkil edir. Tramp qeyd edib: “Onlar dünyanın müxtəlif ölkələrinə məktublar göndərərək, nadir torpaqla əlaqəli məhsulun hər bir parçasına və Çində istehsal olunmasa belə, ağlına gələn hər şeyə ixrac nəzarəti tətbiq etmək istədiklərini bildirirlər”. Ekspertlərin fikrincə, ticarət mübahisələrinin yeni kəskinləşməsi həm qlobal iqtisadi mənzərə ilə bağlı ümumi narahatlığı, həm də neft qiymətlərinə təzyiq göstərən enerji tələbatı ilə bağlı qeyri-müəyyənliyi artırıb. Amerika fond bazarları da Trampın Çinə qarşı təhdidlərinə mənfi reaksiya verib. Bu arada kriptovalyuta bazarı Donald Trampın vədlərindən sonra böyük bir çöküş yaşadı və nəticədə bir gündə təxminən 20 milyard dollar “buxarlanma” oldu. Trampın bəyanatından sonra ilk bir saatda kriptovalyuta bazarının 6 milyard dollar itirdiyi də bildirilib. “CoinGlass”ın məlumatına görə, 1,6 milyondan çox treyder ləğv edilib. Bununla belə, bazar iştirakçılarının fikrincə, çöküşün təsirinin tam ölçüsü hələ də davam edəcək. Bir neçə kriptovalyuta birjası artan tələb səbəbiylə kəsintilər olduğunu bildirdi və bəyanatlar verəcəklərini vəd etdi. Bu arada “Bitcoin” özü 5,5%-dən çox ucuzlaşıb. Azalma digər aparıcı rəqəmsal aktivlərə də təsir edib. Qərb agentlikləri qeyd edir: “Çöküş ən azı aprelin əvvəlindən bəri ən böyük çöküş olub. Ən böyük kriptovalyuta olan “Bitcoin” Trampın verdiyi açıqlamadan sonra ucuzlaşıb”.

Qızıl praktiki olaraq yeganə əmtəədir ki, iki ən böyük iqtisadiyyat arasında artan ticarət müharibəsi təhlükəsi fonunda yüksəlməyə davam edir. Bu ilin əvvəlindən qızıl 50%-dən çox bahalaşıb, buna qismən də Donald Trampın ticarət müharibələri səbəb olub. Bir çox Qərb investorları qiymət artımını gözləyərək qızılı ən təhlükəsiz aktiv hesab edirlər. ABŞ və Çin arasında gərginliyin artması neft hasilatçıları üçün də yaxşı xəbər deyil. Bu, ilk növbədə ona görədir ki, iki ölkə arasında gərginliyin daha da artması neft bazarına heç bir müsbət təkan verməyəcək. Analitiklər həmçinin sanksiyaların və qarşılıqlı tariflərin hazırkı tempi azaldılmadığı təqdirdə 2026-cı ildə tariflərin qlobal ticarətə mənfi təsir göstərəcəyini gözləyirlər. Çinin özündə də biznes fəallığı pisləşir. Milli Statistika Bürosunun məlumatına görə, istehsal sənayesində işgüzar aktivlik indeksi sentyabr ayında 49,8 bənd təşkil edib ki, bu da daralmanın olduğunu göstərir. Ölkənin artım tempi də xeyli aşağı düşüb. Asiya İnkişaf Bankı Çin iqtisadiyyatının bu il 4,7%, rəsmi hədəf olan 5%-dən aşağı artacağını gözləyir. İqtisadi inkişafın ləngiməsi həm də o deməkdir ki, Asiyanın əsas istehlakçısının neftə olan tələbi indiki şəraitdə azala bilər. Bütövlükdə neftin qiyməti il ​​ərzində təxminən 20%, son üç ayda isə 10% azalıb. “Tsifra Broker”in analitiki Dmitri Vişnevski hesab edir ki, neftin qiymətinin düşməsinin əsas səbəbi OPEC+ ölkələri və qeyri-OPEC ölkələrinin (ABŞ və Cənubi Amerika) hasilatın artması, eləcə də Çin və Avropada ticarət gərginliyi, faizlərin artması və durğun iqtisadiyyatlar fonunda qlobal tələbin yavaşlaması nəticəsində yaranan təklif profisitidir. ABŞ-ın Çinə yeni rüsum tətbiq edəcəyi ilə bağlı təhdidlər tələblə bağlı narahatlıqları daha da artırır. Proseslər ölkəmizdə də diqqətlə izlənilir. Yeri gəlmişkən qeyd edək ki, həm ABŞ, həm də Çinin son dövrlərdə Azərbaycanın da yerləşdiyi Cənubi Qafqaza marağı əhəmiyyətli dərəcədə artıb. Xüsusən də istər Çinin, istərsə də ABŞ-ın regionun əsas dövləti olan Azərbaycanla iqtisadi münasibətlərə indi daha çox diqqət yteirməsi aydın müşahidə olunur. Azərbaycan isə hər iki ölkə ilə iqtisadi əməkdaşılığı genişləndirməkdə maraqlıdır və tərəflərin hər birinə münasibətdə neytral siyasət yürüdür. Belə görünür ki, Bakının bu yanaşmasından Pekin və Vaşinqton özləri də razıdır.

Hazırda Birləşmiş Ştatlarla Azərbaycan arasında bir çox istiqamətləri əhatə edən münasibətlər mövcuddur. Azərbaycan Birləşmiş Ştatlarla geniş iqtisadi əməkdaşlıq əlaqələri qurub. Bu əməkdaşlığın əsas istiqamətləri isə Azərbaycanda neft və qaz sektorunun inkişafı, yeni boru kəmərlərinin tikintisi və istismarı, Şərq-Qərb dəhlizi boyu infrastruktur layihələrinin həyata keçirilməsi, qeyri-neft sektoru sahəsində qarşılıqlı ticarətin genişləndirilməsidir. İki ölkə arasında iqtisadi münasibətlərin genişlənməsinin göstəricilərindən biri olaraq ticarət dövriyyəsinin həcmi də ildən-ilə artmaqdadır. Hazırda Azərbaycanın Çinlə də ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur. Bununla belə, ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün potensial böyükdür və bu potensialın reallaşdırılması istiqamətində Azərbaycan tərəfindən ardıcıl tədbirlər görülür. Çinin “Bir Kəmər - Bir Yol” təşəbbüsü çərçivəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından istifadə olunması iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar açır. Məhz bütün bunları əsas götürərək, nə ABŞ, nə də Çin Azərbaycanla münasibətləri pisləşdirməkdə maraqlıdır. Əksinə, belə görünür ki, tərəflərin hər ikisi, ticarət müharibəsinə rəğmən, Azərbaycanla əlaqələri daha sürətlə inikşaf etdirəcək. Eyni zamanda ABŞ-Çin ticarət müharibəsi fonunda Azərbaycan üzərindən yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artımı da gözlənilir.

Tahir TAĞIYEV

Seçilən
13
baki-xeber.com

1Mənbələr