AZ

“Hacı Surxay nümunəsi” - din xadimi belə davranar?..


Din xadimi öz davranışı, sözləri ilə cəmiyyətə gerçək bir örnək olmalıdır. İctimaiyyətin onlardan gözləntiləri budur. Bəzən din xadimləri qeyri-mənəvi məsələlərlə gündəmə gələ bilir.

İçərişəhər “Cümə” məscidinin axundu, tanınmış din xadimi Hacı Surxay Məmmədli sosial şəbəkələrdə idarə etdiyi avtomobillə bağlı yayılan iddialara münasibət bildirib. Saytlarda gedən məlumatına görə, o, sürdüyü "Nissan Patrol" markalı avtomobilin 250 000 manat dəyərində olduğu barədə iddiaların doğru olmadığını deyib.

O qeyd edib ki, maşını təxminən bir il əvvəl 33 000 manata, kreditlə alıb.

Hacı Surxayın sözlərinə görə, avtomobil 2017-ci il deyil, 2010-cu il istehsalıdır və bazar qiyməti heç bir halda yüz minlərlə manatla ölçülə bilməz: “Kim deyirsə ki, bu maşın 250 min manatdır, buyursun gəlsin, 28 min manata ona verim. Gedib istədiyi qiymətə satsın. Beş aydır satıram, heç kim almır”.

Mollanın, peşəkar din xadiminin belə söhbətlər aparmasına nə qədər ehtiyac var?

Heç kəs demir ki, din xadiminin şəxsi həyatı olmasın, əlbəttə belə düşünmək doğru olmazdı. Din xadiminin şəxsi həyatı da, avtomobili də, evi də, bağı da, hobbisi də olar. Amma çıxıb belə şeyləri ictimai tribunada müzakirə etmək din xadimi, mənəvi nümunələr, tərbiyəvi örnəklər göstərmək missiyası daşıyan adamlar üçün nə dərəcədə doğrudur?

Məsələn, Hacı Surxay deyir ki, 2018-ci ilin maşınını 250 minə verən kimdi? Sanki bazarın bir iştirakçısı kimi danışır. Yaxud “2014-cü ilin maşınına kim 250 min verər?” kimi ifadə işlədir.

Tural İrfan: “Din xadimi, nümunəvi müsəlman cəmiyyətə sadəliyi, aza qane olmağı ilə örnək olmalıdır”

Milli Cəbhə Partiyasının sədr müavini, tanınmış ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə bildirdi ki, bəzi ərəb ölkələrinin və ya İranın təsirində olan, oradakı müctəhidləri təqlid edərək həmin ölkənin tam siyasiləşmiş din modelini ölkəmizdə tətbiq etmək istəyən şəxslər və ya vaxtilə oralarda təlimatlandırılmış "din xadimləri" şübhəsiz, mənəvi dəyərləri məhv etməklə məşğuldurlar. “Məscidi onlar mənəviyyat mərkəzi, ibadət evinə deyil, qazanc mənbəyinə, alver obyektinə, biznes ofisinə çeviriblər. Din xadimi, nümunəvi müsəlman cəmiyyətə sadəliyi, aza qane olmağı ilə örnək olmalıdır. Yoxsa təkəbbür, şöhrətbazlıq obrazına çevrilməməlidir. Allahın evi maşın alverinin müzakirə olunduğu yer deyil. Bircə dəfə İrana bağlı din xadimləri Xocalı soyqırımını, 20 Yanvarı, yaxud digər milli, əlamətdar günlərimizi ürəkdən qeyd edib, könüllü danışmadılar. Çünki təqlid etdikləri, risalələrini Qurandan qabaq özlərinə qanun bildikləri ağaları icazə vermirdi.

Əvvəla, din xadimi niyə 28 minlik maşın sürməlidir? Mənim kimi ilahiyyatçının heç velosipedi də yoxdur. Haradan alır o din xadimi yüz minlik maşınları? Əgər alırsa, demək özünü reklam edir. Çünki dinin mahiyyətinə vaqif olmayıblar. Xurafatı, fars ədəbiyyatını din hesab ediblər. "Fəqirlik fəxrimdir" deyən İslam Peyğəmbərinin ənənəsindən üz döndərib taxtı qızıldan olan Sasani şahlarının adətinə riayət edirlər. Son zamanlar bəzi din xadimlərinin əməli azıb. İranla Azərbaycanı səhv salıblar. Məsciddə özlərinə tribuna düzəltdirib, hətta siyasi söhbətlər edirlər. Allahdan, dindən, mənəviyyatdan savayı hər şeydən danışırlar. Elələrini yığışdırmaq lazımdır”.

T.İrfanın sözlərinə görə, ya düz-əməlli dini təbliğ etsinlər, edə bilmirlərsə sussunlar, məscid şəxsi söhbətlərin, ailə, biznes məsələlərinin, siyasi müzakirələrin yeri deyil. “Orada yalnız Allaha ibadət edilməli və mənəviyyatdan danışılmalıdır. Məscid minbərindən əvvəlcə deyir maşını 33 min manata almışam, söhbətin sonunda isə deyir 34 minə almışam, 28 minə verərəm. Sumqayıtın maşın bazarı ilə səhv salıb əcəba məscidi... Bu kimi mənfi hallara qarşı çox ciddi ölçü götürmək lazımdır. Yoxsa insanlar dindən ikrah edir, uzaqlaşır, din xadimləri haqqında mənfi düşünür. Belə söhbətlər sağlam din xadimi obrazına xələl gətirir”-deyə T.İrfan bildirdi.

Akif Nəsirli: “İctimai müzakirələrdə şəxsi əmlak, maşın, qiymət, bazar söhbətləri aparmaq bir din xadimi üçün...”

Liberal İqtisadçılar Birliyinin sədri, din bilicisi Akif Nəsirli də hesab edir ki, din xadimi bütün davranışları ilə örnək olmalıdır, onlar maddiyyatın yox, mənəvi, əxlaqi dəyərlərin təbliği ilə önə çıxmalıdırlar. “Bu sual çox yerindədir və cəmiyyətimizdə din xadimlərinin davranışı ilə bağlı mühüm bir məsələni gündəmə gətirir. Əslində, mollanın və ya peşəkar din xadiminin əsas missiyası cəmiyyətə mənəvi, əxlaqi və dini istiqamət vermək, nümunə olmaqdır. Belə bir şəxs - istər imam, istər vaiz, istər televiziya çıxışçısı olsun - öz sözləri və davranışları ilə insanlara tərbiyəvi örnək göstərməlidir.

O baxımdan, ictimai müzakirələrdə şəxsi əmlak, maşın, qiymət, bazar söhbətləri aparmaq bir din xadimi üçün çox risqlidir. Niyə?

- Çünki cəmiyyətin etimadını zədələyir. İnsanlar molladan mənəvi dəyərlər eşitmək istəyir, maddi bazarlıq yox.

- Mənəvi nüfuzu azaldır. Din xadimi bazar dili ilə danışanda, onun mənəvi siması arxa plana keçir.

- Təvazökarlıq prinsipi pozulur. Dində təvazö, sadəlik, mal-dövlətə bağlanmamaq əsas xüsuslardandır.

- İctimai rezonans yaradır. İnsanlar haqlı olaraq soruşurlar: “Əgər din xadimi bu qədər varlıdırsa, bəs o təbliğ etdiyi sadəlik, axirət düşüncəsi harada qaldı?”

Əlbəttə, birincisi, molla təbliğ etdiyi mənəvi dəyərlərlə dolu həyatı özü yaşamalıdır ki, onun təbliğatı cəmiyyətdə keçərli və inandırıcı olsun. Əks halda mollanın təbliğatı cəfəngiyatdan başqa bir şey olmayacaq.

Digər tərəfdən, heç kim demir ki, mollanın avtomobili, evi, rahat həyatı olmasın - bu təbiidir. Amma onun ictimai tribuna davranışı fərqli məsuliyyət tələb edir. O, şəxsi məsələlərini ümumi tribunaya gətirməməlidir, xüsusən də bu, mənəvi mesajları kölgədə qoyursa.

Yəni qısaca, mollanın “maşın bazarı” dili ilə danışması dini və mənəvi missiyası ilə uyğun gəlmir”.

A.Nəsirli qeyd etdi ki, din xadiminin əsas missiyası mənəvi dəyərləri, dinimizin gözəlliklərini təbliğ etmək olmalıdır: “Çunki hazırkı statusunda o, sadəcə bir vətəndaş deyil, mənəvi lider kimi cəmiyyətin aynasıdır”.

Əli TURABOV

Seçilən
79
baki-xeber.com

1Mənbələr