Astana, 13 oktyabr, AZƏRTAC
Qazaxıstan Maliyyə Nazirliyində dövlət gəlirləri orqanları ilə Milli Bank arasında valyuta əməliyyatları barədə məlumat mübadiləsini tənzimləyən əmr layihəsi hazırlanıb.
AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, sənəd 50 min ABŞ dollarından yuxarı əməliyyatlar, o cümlədən qeyri-əmtəə əməliyyatları sövdələşmələri, qeyri-rezidentlərin gəlirləri və Astana Beynəlxalq Maliyyə Mərkəzinin (ABMM) iştirakçılarının əməliyyatları üzrə məlumat mübadiləsini əhatə edir.
Layihənin məqsədi Milli Bankla dövlət gəlirləri orqanları arasında qarşılıqlı fəaliyyət üçün vahid qaydalar müəyyən etməklə valyuta əməliyyatlarının şəffaflığını artırmaqdır.
Təşəbbüsün həyata keçirilməsi qanunsuz kapital çıxarılması hallarını vaxtında müəyyən etməyə və saxta əməliyyatlar riskini azaltmağa imkan verəcək. Layihə maliyyə monitorinqinin səmərəliliyinin yüksəldilməsinə yönəlib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana