Bu il İtaliyanın Lonato şəhərində yerləşən "International South Garda" trekində 24-cü Dünya Kartinq Çempionatının (World Grand Final) yarışları keçirilib.
Publika.az xəbər verir ki, beş kateqoriya üzrə təşkil olunan yarışlarda trekin uzunluğu 1200 metr olub.
2001-ci ildən bəri keçirilən turnir kartinq dünyasının ən prestijli tədbirlərindən biri sayılır.
Avropa və dünya çempionlarının da yer aldığı yarışa dünyanın müxtəlif ölkələrindən 607 pilot qatılıb.Çətin hava şəraiti və yüksək rəqabət fonunda keçirilən bu yarışda Portuqaliyanı təmsil edən üç sürücüdan biri, eyni zamanda Azərbaycan motorsportunun gənc istedadı Davin Cəfərov da iştirak edib. O, "BirelArt" komandasının heyətində ilk dəfə olaraq BMB kateqoriyasında və dünya çempionatında start alıb.
Təsnifat mərhələsində yüngül qəza səbəbindən 32-ci yerdən start götürməyə məcbur qalan Davin, möhtəşəm performans göstərərək yarımfinal və final mərhələlərinə yüksəlib. Finalda o, 24 ötmə edərək italyan pilot Lorentso Pinyanellinin 14 ötməlik rekordunu qırıb və eyni zamanda yarışın ən sürətli dövrəsini (fastest lap) nümayiş etdirib.