AZ

Aİ Vladimir Putin üçün tribunal başlayıb

Ajans.az xəbər verir ki,bu barədə Aİ-nin rəhbər strukturlarından açıqlama verilib. Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas bildirib ki, Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlərin sübutları artıq kifayət qədər açıqdır: “Rusiyanın Ukraynadakı hərbi cinayətlərinin sübutu aydındır. Cəzasızlıq yalnız növbəti vəhşiliklərə təkan verir. Bu gün biz təcavüz cinayətlərinə görə məsuliyyət daşıyanların ədalətdən qaçmamasını təmin etmək üçün xüsusi tribunala ilk 10 milyon avro ayırırıq.” Xüsusi tribunalın yaradılması barədə qərar iyunun 25-də qəbul olunub. Tribunal, Avropa Şurası tərəfindən imzalanmış saziş əsasında fəaliyyət göstərəcək və Nürnberq prosesi modelinə əsaslanacaq. Məqsəd – Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, ölkənin siyasi və hərbi rəhbərliyini beynəlxalq hüquqa zidd hərəkətlərə görə məsuliyyətə cəlb etməkdir. BMT-nin təsnifatına görə, təcavüz cinayəti bir dövlətin digər ölkənin suverenliyi, ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı silahlı qüvvə tətbiq etməsidir. Hazırda Beynəlxalq Cinayət Məhkəməsi (BCM) təcavüz cinayətinə görə araşdırma aparmaq səlahiyyətinə malik deyil, çünki bu yalnız BMT Təhlükəsizlik Şurasının tələbi ilə mümkündür. Lakin Rusiyanın Şurada veto hüququ bu prosesi əngəlləyir. Yeni tribunal isə bu boşluğu doldurmaq məqsədilə fəaliyyətə başlayacaq. Məhkəmə:
  • Rəsmi araşdırma aparacaq;
  • Sübutlar toplayacaq;
  • Ukraynadakı müharibəyə görə məsuliyyət daşıyan Rusiya rəsmilərinə qarşı ittiham aktları hazırlayacaq.
Bununla belə, beynəlxalq hüquqa əsasən, Putin, baş nazir Mixail Mişustin və xarici işlər naziri Sergey Lavrov yalnız vəzifədən getdikdən və toxunulmazlıqlarını itirdikdən sonra mühakimə oluna bilərlər. Məhkəmə qiyabi rejimdə də keçirilə bilər. Deutsche Welle mənbələrinin məlumatına görə, tribunal ilkin mərhələdə təxminən 20 yüksək vəzifəli rus məmurunu məsuliyyətə cəlb etməyi planlaşdırır. Bu şəxslər Ukraynaya qarşı təcavüzün planlaşdırılması, təşkili və həyata keçirilməsi ilə bağlı ittihamlarla üzləşə bilərlər.

 

Seçilən
6
Ajans.az

1Mənbələr