AZ

Azərbaycanın xariclə ticarət balansında qalıq 1.6 mlrd. dollara qalxdı

2025-ci ilin yanvar–avqust aylarında Azərbaycanın ticarət balansı öncəki ayla müqayisədə yüksəlib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, gömrük rəsmiləşdirilməsi tam başa çatmayan xam neft və təbii qazın statistik qiymətləndirilməsi nəzərə alınmaqla, ölkənin xarici ticarət dövriyyəsi 31,7 milyard ABŞ dolları təşkil edib. Bunun 16,6 milyard dolları (52,5 faiz) ixracın, 15,1 milyard dolları (47,5 faiz) isə idxalın payına düşüb. Nəticədə 1,6 milyard dollarlıq müsbət ticarət saldosu yaranıb. Öncəki ayda 957,7 milyon dollar idi.

Yanvar–avqust aylarında Azərbaycan dünyanın 173 ölkəsi ilə ticarət əlaqələri qurub. Bu dövrdə 112 ölkəyə məhsul ixrac edilib, 167 ölkədən isə idxal həyata keçirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 4,9 faiz artsa da, real ifadədə 7,1 faiz azalıb. İdxal 5,5 faiz, ixrac isə 8,2 faiz real azalma ilə müşahidə olunub.

Hesabat dövründə qeyri-neft-qaz məhsullarının ixracı 2,4 milyard dollar olub. Bu, faktiki qiymətlərlə 10,3 faiz artım, real ifadədə isə 13,6 faiz azalma deməkdir.

Azərbaycanın əsas ticarət tərəfdaşları arasında İtaliya (25,9 faiz), Türkiyə (12 faiz), Rusiya (10,4 faiz) və Çin (9,2 faiz) ön sırada yer alıb. Daha sonra Almaniya (3,2 faiz), Birləşmiş Krallıq (2,9 faiz), ABŞ (2,5 faiz), Çexiya (2,2 faiz), Qazaxıstan, Gürcüstan və Bolqarıstan (hər biri 1,7 faiz), Xorvatiya və Rumıniya (hər biri 1,6 faiz), Yunanıstan (1,5 faiz), İsveçrə (1,4 faiz), İran (1,3 faiz), Portuqaliya və Avstraliya (hər biri 1,2 faiz) gəlir. Qalan 12,2 faiz isə digər ölkələrlə aparılan ticarət əməliyyatlarının payına düşüb.

Seçilən
11
banker.az

1Mənbələr