2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 112 ölkəyə məhsul ixrac olunmuş, 167 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 31690,6 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 16637,9 milyon dollarını və ya 52,5 faizini ölkədən ixrac olunmuş məhsulların, 15052,7 milyon dollarını (47,5 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1585,2 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 4,9 faiz artmış, real ifadədə isə 7,1 faiz azalmışdır. İdxal real ifadədə 5,5 faiz, ixrac isə 8,2 faiz azalmışdır.
2025-ci ilin yanvar-avqust aylarında qeyri neft-qaz məhsullarının ixracı 2399,5 milyon dollar təşkil etmiş və 2024-cü ilin yanvar-avqust aylarına nisbətən faktiki qiymətlərlə 10,3 faiz artmış, real ifadədə isə 13,6 faiz azalmışdır.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 25,9 faizi İtaliya, 12,0 faizi Türkiyə, 10,4 faizi Rusiya, 9,2 faizi Çin, 3,2 faizi Almaniya, 2,9 faizi Birləşmiş Krallıq, 2,5 faizi ABŞ, 2,2 faizi Çexiya, hər biri 1,7 faiz olmaqla Qazaxıstan, Gürcüstan və Bolqarıstan, hər biri 1,6 faiz olmaqla Xorvatiya və Rumıniya, 1,5 faizi Yunanıstan, 1,4 faizi İsveçrə, 1,3 faizi İran, hər biri 1,2 faiz olmaqla Portuqaliya və Avstraliya, 1,0 faizi Ukrayna, hər biri 0,9 faiz olmaqla Özbəkistan, Meksika, Cənubi Afrika Respublikası və Belarus, 12,2 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.