2022-ci ildə Azərbaycan ilə İran arasında imzalanmış Hökumətlərarası Anlaşma Memorandumuna əsasən Araz çayı üzərində inşası davam edən Ağbənd–Kəlalə yeni avtomobil körpüsünün regionun strateji nəqliyyat infrastrukturunun mühüm hissəsinə çevriləcəyi qeyd edilib. Araz dəhlizinin vacib komponenti olan bu körpünün tikintisinin bu ilin sonuna kimi, müvafiq sərhəd-gömrük infrastrukturu ilə birlikdə isə gələn ilin birinci rübündə yekunlaşdırılması nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə deyib.
Onun sözlərinə görə, həmçinin Horadiz-Ağbənd avtomobil və dəmir yollarının da gələn il ərzində tikintisinin başa çatdırılması planlaşdırılır.
Bildirilib ki, bu yol infrastrukturu həm Şərq-Qərb, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yeni qolunu təşkil etməklə, həmçinin Fars Körfəzini Qara Dənizə bağlayacaq.
Orta Dəhlizin əhəmiyyətinə toxunan Baş nazirin müavini 2022-ci ildən etibarən dəhlizlə həyata keçirilən yükdaşımaların həcminin təxminən 90 faiz artdığını, dəhliz üzrə tranzit müddətlərinin isə nəzərəçarpacaq dərəcədə azaldığını görüş iştirakçılarının diqqətinə çatdırıb.
Energetika sahəsinin üçtərəfli əməkdaşlıq kontekstində perspektivlərindən danışan Ş.Mustafayev hazırda Azərbaycanın elektrik şəbəkəsi ilə həm Rusiya, həm də İran elektrik şəbəkələri arasında ayrı ayrılıqda bağlantıların mövcud olduğunu və bu əlaqələrin elektrik enerjisinin mübadilə və ticarətini həyata keçirməyə imkan verdiyini deyib. Azərbaycan, Rusiya və İranın elektrik şəbəkələrinin üçtərəfli formatda əlaqələndirilməsi layihəsinin energetika sahəsində əməkdaşlığın gündəliyində durduğu qeyd edilib.
Nəqliyyat sahəsində həyata keçirilən tədbirlərin gömrük-sərhəd buraxılış məntəqələrinin infrastrukturunun sinxron qaydada təkmilləşdirilməsini tələb etdiyi xüsusi qeyd edilib. Bildirilib ki, bu kontekstdə, gömrük əməliyyatlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması prioritet əməkdaşlıq istiqamətləri sırasındadır.