AZ

“Sağlam gənclik – Güclü Azərbaycan!” prinsipi III MDB Oyunlarında təsdiqini tapdı

Azərbaycan hökumətinin idmana göstərdiyi diqqət və qayğı təsadüfi deyil – bu, milli gücün, sağlam cəmiyyətin və beynəlxalq nüfuzun strateji dayağıdır. Bu gün Azərbaycan yalnız medallar qazanan ölkə deyil, həm də dünyaya nümunə olan idman mərkəzidir. Dövlət siyasətinin əsas məqsədi aydındır: “Sağlam gənclik – Güclü Azərbaycan!”

2025-ci il sentyabrın 28-də start götürüb oktyabrın 8-də başa çatan III MDB Oyunları qədim Gəncə şəhəri ilə yanaşı Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəkidə 8 idman növü üzrə keçirildi. Səkkiz ölkədən 1846 idmançının qatıldığı bu mötəbər yarış Azərbaycan dövlətinin idmana verdiyi yüksək dəyərin, beynəlxalq nüfuzunun və təşkilatçılıq bacarığının bariz göstəricisi oldu.

MDB Oyunlarına ev sahibliyi etməklə Azərbaycan bir daha sübut etdi ki, ölkəmiz regionda sülhün, dostluğun və həmrəyliyin ünvanıdır. Dövlətin dinamik iqtisadi inkişafı, xalqımızın istiqanlılığı, qonaqpərvərliyi və gülərüzlüyü yarış iştirakçıları və qonaqlar tərəfindən yüksək dəyərləndirildi. Azərbaycanın zəngin tarixi, mədəni irsi və müasir inkişafı tədbir iştirakçılarında dərin maraq və rəğbət oyatdı.

III MDB Oyunlarında könüllülərin qrup rəhbəri kimi fəaliyyət göstərərkən gənclərimizin enerjisinə, məsuliyyətinə və vətən sevgisinə bir daha şahid oldum. Onlar dövlətin etimadını doğruldaraq, tədbirin uğurla təşkilinə böyük töhfə verdilər. Bu, həm də gənclərimizin müstəqil Azərbaycanın gələcəyində mühüm rol oynamağa hazır olduqlarının göstəricisidir.

Əlbəttə, III MDB Oyunları Azərbaycan dövlətinin ev sahibliyi etdiyi çoxsaylı beynəlxalq tədbirlərdən yalnız biridir. Ölkəmizin güclü potensialı gələcəkdə də bu cür mötəbər yarışların və forumların keçirilməsini təmin edəcək.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında qeyd etdi ki, bu kimi tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı və qarşılıqlı hörməti daha da möhkəmləndirir.

Dünyada sülhün, barışın və inkişafın simvoluna çevrilmiş qüdrətli Azərbaycanımızın daha da güclənməsi üçün biz gənclər savadlı, məqsədyönlü və qətiyyətli olmalıyıq. III MDB Oyunlarında iştirak edərək biz böyük təcrübə qazandıq, öz potensialımızı daha dərindən dərk etdik.

Biz gənclər hər zaman möhtərəm Prezidentimizin qayğısını və diqqətini hiss etmişik. Əminliklə bildiririk ki, qazandığımız bilik və bacarıqlara əsaslanaraq dövlətimizin daha da inkişafı naminə səylə çalışacağıq.

Nihat Həsənli
Azərbaycan Dövlət Aqrar Universitetinin III kurs tələbəsi

Seçilən
5
1
xalqqazeti.az

2Mənbələr