AZ

Millimizin Ukrayna SINAĞI – Bu dəfə də rəqibdən xal ala BİLƏCƏYİK?

“Milli komandamız Fransa ilə oyunda meydanda əsl mübarizə apardı. Sadəcə olaraq rəqibin ustalıq səviyyəsi yüksək olduğundan onlar bu oyunda qələbə qazandılar”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında futbol veteranı, millimizin keçmiş üzvü Mahmud Qurbanov deyib.

Onun sözlərinə görə yığma bu mübarizəni Ukrayna ilə oyunda da göstərsə, onlardan xal ala bilər:
 

“Azərbaycan futbolçuları son qarşılaşmalarda var güclərini ortaya qoyur, ürəklə oynayırlar. Bu da onu göstərir ki, psixoloji hazırlıq artıq qaydasındadır. Ukrayna ilə oyuna gəlincə, biz onlardan Bakıda xal almışıq. Deməli bu milli ilə oynamaq olar. Sadəcə onlar da meydana əlavə motivasiya ilə çıxacaqlar. Çünki İslandiya üzərində qələbə qazanıblar, həm də Bakıdakı xal itkisinin əvəzini çıxmağa çalışacaqlar.


Bizim futbolçulardan isə meydanda mübarizə aparmaq, verilən tapşırıqları tam yerinə yetirmək tələb olunur. Çünki rəqibin hücumu nə qədər güclü olsa da, müdafiəsində problemlər var. Bu amildən istifadə etmək lazımdır. Fikrimcə, komandamız düzgün oyun taktikası seçsə, rəqibdən səfərdə də xal ala bilər”.

Qeyd edək ki, Ukrayna-Azərbaycan matçı bu gün Bakı vaxtı ilə saat 22.45-də start götürəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
19
1
bizim.media

2Mənbələr