AZ

Azərbaycanın Sülh Sammitinə dəvət olunması ölkəmizin artan beynəlxalq rolunun tanınmasıdır



“Azərbaycanın Misirdə keçirilən Sülh Sammitinə dəvət olunması ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun və geosiyasi rolunun göstəricisidir. Bu, ölkənin təkcə regional deyil, eyni zamanda beynəlxalq müstəvidə mühüm aktor kimi qəbul olunmağa başladığını təsdiqləyir”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, Azərbaycan hər zaman istər yerləşdiyi coğrafiyada, istərsə ayrı-ayrı regionlarda sülh və sabitlik tərəfdarı olub, bu ali məqsədlərin təmin olunması istiqamətində təşəbbüslərlə çıxış edib. İlham Məmmədov onu da xatırladıb ki, hələ Dağlıq Qarabağ problemi mövcud olduğu dönəmdə də Azərbaycan həmin problemin sülh, danışıqlar yolu ilə həllində tərəfdar olub, daim bu prinsipə sadiq qalıb:

“Hazırda da Azərbaycan postmünaqişə dövründə Cənubi Qafqazda sülh və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edir. Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, regionda yeni nəqliyyat və kommunikasiya layihələri ilə bağlı təşəbbüslər Azərbaycanın sülhü təşviq edən dövlət kimi imicini gücləndirir. Məhz sadaladığımız amillər də Azərbaycanın Sülh Sammiti kimi mühüm əhəmiyyət kəsb edən görüşlərə dəvət edilməsini şərtləndirən başlıca amillərdəndir”.

Millət vəkili qeyd edib ki, Misirdə təşkil edilən sammitə dəvət almaq təkcə diplomatik jest, Azərbaycana olan maraq deyil, həm də rəsmi Bakının qlobal məsələlərə dair baxış və təcrübəsinə hörmət ifadəsidir:

“Bu dəvət, Azərbaycanın Yaxın Şərq, Afrika və daha geniş İslam dünyası ilə əlaqələrinin inkişafında da yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər”.

İlham Məmmədov onu da vurğulayıb ki, Azərbaycanın qlobal miqyasda mövcud olan problemlərin həllinı yönəlik təşəbbüsləri, irəli sürdüyü platformalar da ölkəmizin beynəlxalq imicinin artması, onun bu tipli mühüm tədbirlərə dəvət edilməsini şərtləndirən amillər sırasındadır:

“Azərbaycan hər zaman istər BMT, istərsə də Qoşulmama Hərəkatı, həmçinin təmsil olunduğu digər beynəlxalq qurumlar çərçivəsində iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, miqrasiya, beynəlxalq hüququn pozulması kimi çağırışlara qarşı balanslı və prinsipial mövqe ortaya qoyub, həmin platformalarda fəal iştirakı ilə ölkəni qlobal problemlərin həllində etibarlı tərəfdaş kimi təqdim edib. Bu baxımdan Azərbaycanın Misirdə keçirilən Sülh Sammitinə dəvət olunması həm də ölkəmizin artan beynəlxalq rolu və sadaladığımız istiqamətlərdə diplomatik səylərinin tanınmasıdır. Bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mühüm aktor kimi mövqeyini gücləndirdiyini göstərir və gələcəkdə daha geniş koalisiyalarda, qlobal təşəbbüslərdə iştirakı üçün zəmin yaradır”.


Süleyman
Seçilən
13
1
newscenter.az

2Mənbələr