AZ

Fransada yeni hökumət formalaşdırılıb

AzVision.az xəbər verir ki, Yelisey sarayına istinad edən “BFMTV” telekanalı belə məlumat yayıb.

“Jan-Noel Barro Xarici İşlər naziri vəzifəsində qalıb, keçmiş Əmək və Səhiyyə naziri Katrin Votren Silahlı qüvvələr naziri, Paris polisinin prefekti Loran Nunyes isə Daxili İşlər naziri təyin edilib. İqtisadiyyat və Maliyyə, Sənaye və Rəqəmsal Suverenlik Naziri Rolan Leskyur və Ədliyyə naziri Jerald Darmanen də öz postlarında qalıblar”,- xəbərdə deyilir.

Oktyabrın 10-da Yelisey sarayı Fransa prezidenti Emmanuel Makronun Lekornyunu yenidən ölkənin baş naziri təyin etdiyini açıqlamışdı.

Qabriel Attal:“Makron xəsislik etmə”
Xatırladaq ki, Sebastyen Lekornyu daha əvvəl kabinetin tərkibini təqdim etdikdən bir neçə saat sonra və hökumət başçısı təyin olunduqdan heç bir ay keçməmiş istefa vermişdi.

Əsas nazirlər öz postlarını saxladıqları üçün müxalifət Lekornyunun təklif etdiyi hökumətdən narazılığını bildirdi. Nəticədə həmin sövdələşmə öz aktuallığını itirdi.

Qeyd edək ki, 2024-cü ilin yayında Fransada siyasi böhran yarandı. Avropa Parlamenti seçkilərində Marin Le Penin rəhbəri olduğu ifrat sağçı“Milli Birlik” partiyasının qələbəsindən sonra Makron Milli Assambleyanı buraxdı və növbədənkənar parlament seçkiləri təyin etdi. Məhz bu seçkilərdə ifrat sağçılar parlamentdəki mövqelərini daha da gücləndirərək hökuməti müxalifətdən asılı vəziyyətə saldılar.

Hazırda dövlət borcunun artması səbəbindən hökumət 2026-cı ilin büdcəsi ilə bağlı razılığa gələ bilmir. 2025-ci ilin birinci rübünün sonuna Fransanın dövlət borcu 3,346 trilyon avroya və ya ölkənin ÜDM-nin 114%-nə çatıb.

Bu iqtisadi problemlər və hökumət böhranı fonunda nəinki müxalifət, hətta Makronun bir sıra tərəfdarları da onun istefasını yaranmış dalandan ən düzgün çıxış yolu kimi qiymətləndirirlər.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
0
azvision.az

1Mənbələr