AZ

Çin ABŞ ın yeni tarif qərarına cavab verəcəyini bəyan etdi “Qorxmuruq...”

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Çin Birləşmiş Ştatların Çin mallarına əlavə rüsumlar tətbiq etməsi halında cavab tədbirləri görəcəyini açıqlayıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin nümayəndəsi bazar günü bəyanat yayıb.

Nazirlik rəsmisi bildirib ki, sentyabr ayında Madrid şəhərində keçirilən son danışıqlardan sonra ABŞ Çin əleyhinə ardıcıl olaraq yeni məhdudiyyətlər tətbiq edib. Onun sözlərinə görə, yüksək rüsumlarla hədələmək “Çinlə qarşılıqlı münasibətlərin düzgün yolu deyil”.

“Bizim mövqeyimiz dəyişməzdir – biz tarif müharibəsi istəmirik, lakin ondan da qorxmuruq”, – deyə Çin Ticarət Nazirliyinin bəyanatında qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Çin mallarına əlavə 100 faiz gömrük rüsumu tətbiq ediləcəyini elan edib. Yeni qərar 1 noyabrdan qüvvəyə minəcək. Bu addım Pekinin nadir torpaq metalları ixracına nəzarəti sərtləşdirməsindən sonra atılıb. Həmçinin Vaşinqton həmin tarixdən etibarən strateji əhəmiyyətli proqram təminatına da ixrac nəzarəti tətbiq etməyi planlaşdırır.

Tramp eyni zamanda, oktyabrın sonunda Cənubi Koreyada keçiriləcək Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Sammitində Çin sədri Si Cinpinlə mümkün görüşün məqsədəuyğunluğu barədə şübhə ifadə edib. Daha sonra isə Ağ Evdə çıxışı zamanı görüşün hələ ləğv edilmədiyini bildirib: “Düşünürəm ki, bu görüş baş tuta bilər”, – deyə Tramp qeyd edib. Pekin isə hələlik görüşün planlaşdırıldığını təsdiqləməyib.

ABŞ Prezidentinin bəyanatı qlobal maliyyə bazarlarında enişə səbəb olub.

Qeyd edək ki, 2025-ci ilin yazında Donald Tramp onlarla ölkəyə qarşı ticarət müharibəsi başladaraq yeni gömrük rüsumları tətbiq edib. Çin mallarına qoyulan rüsumlar bir neçə dəfə artırılaraq 145 faiz həddinə çatıb. Cavab olaraq Pekin də Amerika ixracına 125 faizədək rüsum tətbiq edib. Yay aylarında iki ölkə rəsmiləri arasında aparılan danışıqlar nəticəsində münasibətlər qismən yumşalmış, tərəflər rüsumları azaltmaq barədə razılığa gəlmişdilər.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
azpolitika.info

1Mənbələr