Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakı, 12 oktyabr, AZƏRTAC
Bu gün Azərbaycanda dünyanın 100-ə yaxın ölkəsinin Hakimlər Assosiasiyasını birləşdirən Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası öz işinə başlayıb. Assambleyanın Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunun göstəricisi, eyni zamanda Azərbaycanda son illər həyata keçirilmiş mütərəqqi məhkəmə-hüquq islahatlarının nəticəsidir. Xüsusən də məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması istiqamətində son iki ildə aparılmış islahatlar beynəlxalq hakim ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Hakimlər İttifaqının sədr müavini Sənan Hacıyev jurnalistlərə müsahibəsində deyib.
"Ötən il Cənubi Afrika Respublikasının Keyptaun şəhərində Azərbaycan çox böyük mübarizə nəticəsində, bir çox dövlətlərin etirazına baxmayaraq, gizli səsvermə yolu ilə bu il Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasını keçirmək hüququ əldə etdi. Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizdə həyata keçilən islahatların, Azərbaycanın reallıqlarının, mədəniyyətinin dünyada tərənnüm olunması baxımından çox əhəmiyyətlidir. Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasında dünyanın 70-dən çox ölkəsi təmsil olunur. Həmin ölkələrdən olan məhkəmə hakimiyyətinin çox tanınmış, nüfuzlu şəxslərinin Azərbaycanda toplaşması dünya hüquq-ictimaiyyəti arasında son illərdə Azərbaycanda məhkəmə-hüquq sistemi sahəsində aparılmış islahatların tərənnümü baxımından çox əhəmiyyətlidir", - deyə S.Hacıyev fikirlərinə yekun vurub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.