AZ

Kreml Düşənbə sammitinə “tarixi hadisə” statusu verir – Rusiya ideoloqları Qəbələ zirvəsini hədəf seçdi

Musavat.com xəbər verir ki, Kremlin ideoloqları və Rusiya mediası son günlər Düşənbədə keçirilən MDB sammitinə “geosiyasi dönüş nöqtəsi” statusu verməyə çalışır. Bununla paralel olaraq isə Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının sammitinə qarşı geniş ideoloji hücum kampaniyası aparılır.

Rusiya mətbuatı və təbliğat aparatları Türk dünyasının yaxınlaşmasını və pan-türkizmi Rusiyaya qarşı təhlükə kimi təqdim edir. Qəbələ sammitindən sonra Rusiya mediasında ardıcıl şəkildə Türk Dövlətləri Təşkilatı “anglosakson layihəsi”, Qərbin postsovet məkanında “Rusiyanı sıxışdırmaq üçün istifadə etdiyi alət” kimi qələmə verilir.

Prezident

Kreml yönümlü şərhçilər isə əksinə, Düşənbə sammitini Qərb planlarına qarşı cavab addımı, “MDB məkanının birliyinin bərpası” və “Güney Qafqazda Rusiyanın nüfuzunun bərpası” kimi təqdim edirlər.

Musavat.com olaraq təqdim etdiyimiz aşağıdakı yazı rus politoloqlarının və Kremlin ideoloji mərkəzlərinin bu yanaşmasını əks etdirir. Məqalə, həm Düşənbə sammitinə Moskvanın baxışını, həm də Rusiya diplomatiyasının Azərbaycan və Türk dünyası ilə bağlı yeni ritorikasını anlamaq baxımından maraqlıdır.

Rus ideoloqlarının baxışı: “Düşənbə sadəcə miqrasiya məsələləri deyil, Qərbə cavabdır”

Елена

Yelena Panina adlı müəllif yazır: "Düşənbədə başa çatan MDB dövlət başçılarının sammiti diqqət mərkəzinə çevrilib. Keçirilən tədbir bir çoxları tərəfindən yetərincə qiymətləndirilməyib, halbuki bu, səhv yanaşmadır. Çünki sammitin əsas məqsədi nə miqrasiya problemlərinin müzakirəsi, nə də Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin tənzimlənməsi idi.

Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Belarus — bunların hamısı Qərbin təsir etməyə çalışdığı regionlardır. Və bu, çox vaxt vahid plan çərçivəsində həyata keçirilir. Bu səbəbdən Düşənbə görüşündə müzakirə olunan məsələlərin dairəsi görünəndən xeyli geniş idi".

Rus müəllifin fikrincə, Qərbin əsas məqsədi postsovet məkanında “antirusiya Zaqafqaziyası” yaratmaqdır. Bu planın həyata keçməsi halında növbəti hədəf Orta Asiyanın enerji, logistika və resurs potensialı üzərində nəzarətin ələ alınması olacaq.

Putin

Məqalədə qeyd olunur:

“Qərbin geosiyasi planlarının uğuru üçün əsas şərt odur ki, Rusiyanın qonşuları ilə münasibətləri həmin ölkələrin Qərblə münasibətlərindən daha pis olsun. Yaxud da bu əlaqələr ‘avrointeqrasiya’ kimi cəlbedici vədlərlə qurban verilsin.”

Yelena Panina yazır: "Rusiya prezidenti Vladimir Putin sammitdə çıxışı zamanı MDB məkanının tarixi və iqtisadi birliyini qorumağın vacibliyini vurğulayıb:

“Biz tarixən formalaşmış şəraitdə yaşayırıq və bu şəraitdə yalnız yaşamaq yox, həm də bu məkanı necə təşkil etməli, necə irəliləməli, keçmiş SSRİ məkanında yaranmış vahid logistika, sənaye kooperasiyası və mədəni kod üstünlüklərimizi necə qoruyub saxlamağı düşünməliyik.”

Putinin bu sözləri əslində xəbərdarlıq xarakteri daşıyırdı – əgər MDB ölkələri koordinasiyanı itirsə, həmin “vahid məkan”a Qərbin müdaxiləsi labüd olacaq.

Prezident

Kremlin strateji məqsədi: “MDB – Qərbə qarşı alternativ blok”

Rus politoloqlarına görə, qarşıda MDB ölkələrini çox sərt rəqabət dövrü gözləyir və buna görə də onların birgə, müstəqil siyasət yürütməsi həyati əhəmiyyət daşıyır.

Bu yanaşma yalnız MDB ölkələri üçün deyil, Gürcüstan kimi qonşu dövlətlər üçün də faydalı ola bilər. Rus müəllif belə yazır:

“Yalnız bu yolla ölkələr həm iqtisadi artımı təmin edə, həm də azadlığını itirmədən təhlükəsizlik qazana bilərlər.”

Azərbaycan faktoru və yeni reallıq

Məqalədə diqqətçəkən məqamlardan biri Azərbaycanın adı ilə bağlı tonun dəyişməsidir. Əgər son aylarda rus mediasında Bakı haqqında sərt və bəzən təxribat xarakterli ritorika müşahidə olunurdusa, Düşənbə sammitindən sonra Azərbaycanla Rusiya arasında “yeni ton” formalaşır.

Bu dəyişiklik Putinin sammitdə Prezident İlham Əliyevə qarşı nümayiş etdirdiyi yumşaq və səmimi münasibətlə də hiss olunur. Həmin jest Moskva–Bakı münasibətlərində gərginliklərin azaldılması istiqamətində dönüş nöqtəsi kimi qiymətləndirilir.

Putin sammitdə Azərbaycanı Cənubi Qafqazın sabitlik dayağı adlandıraraq qeyd edib ki, Bakı ilə əməkdaşlıq Rusiya üçün strateji əhəmiyyət daşıyır.

Prezident

Musavat.com-un şərhi

Kreml üçün Düşənbə sammiti Türk dövlətlərinin birliyinə qarşı ideoloji cavab kimi təqdim olunur.

Əgər Qəbələdəki sammit Türk dünyasının qlobal səviyyədə birləşməsini simvolizə edirdisə, Düşənbə sammiti Rusiya üçün bu prosesə qarşı mövqeyini bərpa etməyə yönəlmiş addım idi.

Lakin diplomatik reallıq ondan ibarətdir ki, Azərbaycan artıq bu iki xətt arasında deyil, hər iki xətti müəyyən edən əsas mərkəz rolundadır.
Bu da Düşənbə sammitinin görünməyən, lakin ən önəmli nəticəsidir.

Mənbə: https://russtrat.ru/comments/1760181669-13083

Musavat.com

Seçilən
4
musavat.com

1Mənbələr