Bakı, 12 oktyabr, AZƏRTAC
Məhkəmə hakimiyyəti hər hansı bir cəmiyyətin ən fundamental dəyərlərinin keşiyində dayanan bir qarantdır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının açılış mərasimində çıxışı zamanı deyib.
O, çıxışına belə davam edib: "Məhkəmə hakimiyyəti bizi hər hansı səhvlərdən qoruyur, üzərimizə düşən vəzifənin lazımı şəkildə icrasında istiqamətləndirir. Bu, bizə elə imkanlar, şəraitlər yaradır ki, üzərimizə düşən vəzifəni ədalət mühakiməsi çərçivəsində həyata keçirək. Lakin yekun nəticədə məhkəmə hakimiyyətinin məqsədi ədalətin zəfər çalmasıdır. Ədalət o zaman zəfər çalar ki, o, hər hansı bir fəaliyyətin mərkəzində dayanan bünövrə kimi götürülür".
F.Əhmədov öz çıxışında Azərbaycanda qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları arasında əməkdaşlığın mövcudluğunu və bunun ədalət mühakiməsinin ortaya qoyulmasında əsas götürüldüyünü də diqqətə çatdırıb.