AZ

Öyülən ədiblər niyə “arzuedilməz” oldular? – Kiyev imperiya xidmətçilərinə güzəşt etmir

Ukraynada rus imperializminə qarşı mübarizəni doktrina halına gətiriblər. Buna səbəb Rusiyanın bu dövlətə qarşı 11 ildir davam edən işğal və ilhaqçılıq siyasəti, eləcə də 3 il 9 aydır sürüb gedən hərbi müdaxiləsidir.

Yəqin ki, Ukraynanın yerində hansısa başqa dövlət olsaydı, o da Rusiyaya qarşı bu cür, bütün sferalarda (hərbi, siyasi, ideoloji və s.) mübarizə aparardı.

Kremlin “xüsusi hərbi əməliyyat” adı qoyduğu müharibənin ilk illərində Ukraynada Rusiyanın hərbi, siyasi, elm xadimlərinin çoxunun abidələri sökülmüşdü. Bunlar o adamlar idilər ki, rus dövləti üçün xidmətləri vardı və müasir ruslar onlarla fəxr edirdilər.

Ukraynalılar həmin abidələri demontaj edərək həm “moskal”lara (Ukraynada rusları tarixən belə adlandırıblar) nifrətlərini ifadə edirdilər, həm də yerli xalqa çatdırırdılar ki, abidəi sökülənlər yadelli işğalçıların, düşmənlərin təmsilçiləridir.

Bu günlərdə Ukrayna Milli Yaddaş İnstitutu “Rusiyanın imperiya siyasəti” ilə bağlı rəqəmlər və hadisələrin siyahısını dərc edib. Siyahıya bir sıra görkəmli rus ədiblərinin, hərbi, siyasi xadimlərin, inqilabçıların adları salınıb. Siyahının tərtibçiləri həmin şəxslərin adlarının Ukrayna toponimikasından çıxarılmasını təklif edirlər.

Tərtib olunmuş siyahının başında Rusiya imperiyasını idarə etmiş hökmdarlar gəlir. Bu şəxslər təkcə Ukraynaya qarşı yox, eləcə də ölkənin üç coğrafi cəhətinin hər üç istiqamətinə (qərb, şərq, cənub) qarşı işğalçılıq siyasəti yeridiblər, ölkənin sərhədlərini Almaniyadan Yaponiyaya, Çinə, Əfqanıstana qədər genişləndiriblər. Yəni onların imperialist olduqları və adlarının sözügedən siyahıya salınmaları mübahisə predmeti deyil.

1917-ci ildən sonra rus dövlətinin sərhədlərini genişləndirən, bərpa edən sovet-bolşevik xadimlərinin adları da siyahıda ayrıca yer alır. Bunun da əsası var. Onlar rus dövlətinin “böyüklüyü”nü başqa ad altında təmin ediblər və onu əslində qırmızı imperiyaya çeviriblər.

Siyahıya siyasətçilərdən və hərbçilərdən başqa, rus ədəbiyyatının klassiklərinin adları da salınıb. Bu sırada Aleksandr Puşkin, Mixail Lermontov, İvan Bunin, İvan Turgenev, Vissarion Belinski, Aleksandr Qriboyedov və Qavriil Derjavin də var.

Puşkin və Lermontovun rus işğallarını vəsf etməsi hər kəsə əyandır. Onlar xüsusilə də Qafqazın işğalını fəth adlandırıb, onu “qəhrəmanlıq aktı” kimi tərənnüm ediblər. Puşkinin bu mövzuda yazdığı şeir və onun tərcüməsi bu yaxınlarda sosial şəbəkələrdə yayılmışdı, bir bəndi beləydi:

Binəli vadilər sükut içində...
Amma bax, Məşriqdən qiyyə yüksəlir...
Əy qarlı başını, təzim et, dağlar,
Təslim ol, ey Qafqaz, Yermolov gəlir!

Maraqlıdır ki, çar Rusiyasının həyta keçirdiyi militarist və imperialist siyasəti öyən şairin “xidmət”ləri sovet dönəmində, çarlara nifrət izhar edən bolşeviklərin vaxtında daha yüksək qiymətləndirilib. Elə bir müttəfiq respublikası yox idi ki, onun şəhərlərində Puşkinin adına saysız-hesabsız küçələr olmasın, abidələri qoyulmasın. Bizdə hətta Biləsuvar rayonu 1930-cu ildən 1991-ci ilə qədər “Puşkin rayonu” adlanırdı.

Bundan başqa, indiki Füzuli rayonu 1827-ci ildən 1959-cu ilə qədər çar Rusiyasının işğalçı polkovniklərindən biri olan, axırda elə Şuşada ölən Pavel Karyaginin adı daşıyıb. Bolşevik-kommunistlər 39 il boyunca “çarizmin qalığı”na toxunmamışdılar.

İndi ukraynalılar tarixi həqiqətin əsl adını qoyur, rus imperializminə xidmət edən şəxslərin heç də yerli xalqlara azadlıq bəxş etmədiyini, əksinə, onlara zorla “rus ağalığı” sırıdıqlarını təsdiq edirlər. İndiyə qədər sevilən hərbi liderlərdən olan Pyotr Baqrationun və İvan Paskeviçin adları buna görə siyahıya salınıb.

İvan Paskeviç əslən ukraynalıdır, amma bizim ölkəmizin tarixində də iz qoymuş generaldır. I Nikolayın xidmət yoldaşı və onun ən etibar etdiyi şəxslərdən biri olan Paskeviç Cənubi Qafqazın işğalında böyük rol oynayıb. O, hətta buralardan keçərək gedib Təbrizi də işğal edib. Bu şəxs Azərbaycanı ikiyə bölən Türkmənçay müqaviləsinə imza atan tərəflərdən biri olub.

Napoleonun yürüşünə qarşı aparılan müharibənin qəhrəmanı olan Pyotr Baqration isə Rusiyanın ilhaq etdiyi ərazilərdə sərt rusifikasiya siyasəti yeritməklə məşhurdur. Ukraynalılar onun fəaliyyətindən öz qara nəsiblərini alıblar və bunu unutmayıblar.

Bununla belə, Ukraynanın Milli Yaddaş İnstitutu Nikolay Qoqol, Anton Çexov, Nikolay Leskov kimi ədiblərə güzəşt ediblər, onların rus imperializminə xidmət etmədiklərini əsas götürüblər.

Siyahıda Lev Tolstoy və Fyodor Dostoyevskinin də adları yoxdur. Dostoyevskinin imperialist düşüncəyə malik biri olduğu şübhəsizdir. Ancaq güman olunur ki, dünya şöhrətli bu yazıçıların adının "imperialistlər" siyahısına salınması beynəlxalq arenada rəğbətlə qarşılanmazdı.

Hər halda Ukrayna dövləti rus imperializminə qarşı qəti və açıq mövqeyni ortaya qoyub, baltanı bu siyasətin kökünə endirib.

P.S. Azərbaycan Respublikasının Nazirlər Kabineti Lermontov küçəsində yerləşir. Puşkin küçəsi isə Nəsimi rayonundadır. Duel manyakları olan və axırda dueldə öldürülən Puşkin və Lermontovun adına olan küçələrə yeni ad verməyin vaxtı deyilmi?

 

Seçilən
15
musavat.com

1Mənbələr