AZ

Bu gündən Avropa İttifaqına yeni giriş qaydaları qüvvəyə minir

Oktyabrın 12-dən etibarən Avropa İttifaqına (Aİ) giriş qaydaları dəyişəcək. İyul ayında Avropa Parlamenti EES (Entry/Exit System – Giriş/Çıxış Sistemi) adlanan yeni sərhəd nəzarət mexanizminin tətbiqinə dair qərar qəbul edib. Yeni sistemin əsas məqsədi Aİ və Şengen zonasına daxil olan şəxslərin hərəkətinə nəzarətin gücləndirilməsi və təhlükəsizliyin artırılmasıdır.

EES sistemi Aİ-yə üzv olmayan ölkələrin vətəndaşlarının giriş-çıxış məlumatlarının elektron qaydada qeydiyyata alınmasını nəzərdə tutur. Bununla əlaqədar olaraq, pasportlara vurulan ənənəvi giriş-çıxış möhürləri ləğv ediləcək.

Yeni qaydalara əsasən, Aİ sərhədini keçən şəxslərdən biometrik məlumatların təqdim olunması tələb ediləcək. Bu prosesə barmaq izlərinin verilməsi, fotoşəkilin çəkilməsi və pasportun skan edilməsi daxildir. Sərhədi keçən şəxslər şəxsi məlumatlarının sistemdə saxlanılmasına və emalına razılıq verməlidirlər.

News.sky.com portalının məlumatına görə, 12 yaşadək uşaqlardan barmaq izi götürülməyəcək, lakin onların şəkli çəkiləcək. Biometrik məlumatların təqdimindən imtina edən şəxslərin Aİ-yə daxil olmasına icazə verilməyəcək.

Avropa Parlamentinin hesabatında qeyd olunur ki, sistemin tətbiqi qeyri-qanuni miqrasiyaya qarşı mübarizənin gücləndirilməsinə, sərhəd təhlükəsizliyinin artırılmasına və Avropa vətəndaşlarının müdafiə səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.

Böyük Britaniyanın ən iri turizm assosiasiyası ABTA məlumat verir ki, oktyabrın 12-dək hər bir Aİ ölkəsində ən azı bir sərhəd-keçid məntəqəsində EES sistemi istifadəyə veriləcək. Altı ay ərzində sistemin bütün məntəqələrdə tam tətbiqi planlaşdırılır.

Məlumatların toplanması və yoxlanması avtomatik şəkildə həyata keçiriləcək və bu prosesin 1–2 dəqiqə çəkəcəyi bildirilir. Bununla belə, ilkin mərhələdə sərhəd-keçid məntəqələrində uzun növbələrin yaranacağı ehtimal edilir. Turistlərə səfərlərini planlaşdırarkən bu amili nəzərə almaq tövsiyə olunur.

Səbuhi MƏMMƏDOV

XQ

Seçilən
17
1
xalqqazeti.az

2Mənbələr