AZ

On gündə üç sammit: Prezident İlham Əliyevin çoxvektorlu diplomatiya kursu-Fərid Şahbazlının yazısı

Cəmi 10 gün ərzində Prezident İlham Əliyevin üç fərqli coğrafiyada – Kopenhagendə, Qəbələdə və Düşənbədə keçirilən üç mühüm sammitdə iştirakı Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin parlaq göstəricisidir.

Oktyabrın 1-2-də dövlət başçısının Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirakı Azərbaycanın Avropa qitəsi ilə əlaqələrinin dərinləşməsinə, enerji, təhlükəsizlik və nəqliyyat məsələlərində strateji dialoqun inkişafına mühüm töhfə verdi. Prezidentin Avropa liderləri ilə keçirdiyi görüşlər Azərbaycanın qitədə etibarlı tərəfdaş və mühüm enerji təminatçısı kimi rolunu daha da möhkəmləndirdi.

Ardınca oktyabrın 6-7-də Qəbələdə baş tutan Türk Dövlətləri Təşkilatının sammiti türk dünyasının həmrəyliyinin və birliyinin gücləndirilməsində Azərbaycanın lider rolunu bir daha ön plana çıxardı. Qəbələ sammiti Türk dövlətləri arasında əməkdaşlığın yeni mərhələsini formalaşdırmaqla, Azərbaycanın türk dünyasında siyasi və mədəni birləşdirici missiyasını daha da gücləndirdi.

Oktyabrın 9-10-da Düşənbədə keçirilən MDB sammitində Prezident İlham Əliyevin iştirakı isə regional münasibətlərdə balansın və sabitliyin qorunması baxımından xüsusi əhəmiyyət daşıdı. Bu sammit çərçivəsində Azərbaycanla Rusiya arasında müşahidə olunan gərginliyin diplomatik yolla aradan qaldırılması, qarşılıqlı hörmət və anlayış mühitinin bərpa olunması Prezident İlham Əliyevin diplomatik çevikliyinin və qətiyyətinin bariz nəticəsi kimi dəyərləndirilir.

Beləliklə, dövlət başçısının cəmi 10 gün ərzində Avropa, Türk dünyası və MDB məkanında keçirilən üç fərqli sammitdə iştirakı, Azərbaycanın çoxvektorlu, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasətinin canlı təzahürüdür. Prezident İlham Əliyevin bu diplomatik fəallığı Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu, siyasi çevikliyini və qlobal proseslərdə konstruktiv rolunu bir daha nümayiş etdirir.

Fərid Şahbazlı
Siyasi şərhçi

Seçilən
25
editor.az

1Mənbələr