AZ

Buzlar əriyir: Bakı və Moskva münasibətlərində yeni səhifə - TƏHLİL

Azərbaycan-Rusiya münasibətlərində son günlər baş verən yeniliklər iki ölkə arasındakı gərginliyin aradan qalxmağa doğru olduğunu göstərir. Düşənbədə keçirilən MDB sammiti çərçivəsində Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan təkbətək görüş bu baxımdan xüsusi siyasi əhəmiyyət kəsb edir. Görüş zamanı Azərbaycana məxsus təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması ilə bağlı məsələ açıq şəkildə müzakirə olundu. Vladimir Putin hadisə ilə bağlı üzrxahlıq edərək, məsul şəxslərə hüquqi qiymət veriləcəyini söyləməsi Azərbaycanın gündəmdə saxladığı əsas tələblərin Rusiya tərəfindən qəbul edildiyini göstərir.

Bakı və Moskva arasındakı etimad dialoqu diplomatik reallığı dəyişir

İki ölkə arasında baş verən bu açıq və qarşılıqlı etimad əsasında aparılan danışıqlar diplomatik səhnədə yeni reallıq formalaşdırır. Bakı və Moskva münasibətlərin normallaşdırılmasının hər iki tərəf üçün strateji əhəmiyyət daşıdığını dərk edir. Rusiya-Ukrayna müharibəsi fonunda dəyişən geosiyasi şərtlər, Qərbin sərt sanksiya siyasəti və nəqliyyat-kommunikasiya marşrutlarının əhəmiyyəti Moskvanı Cənubi Qafqazda sabit və proqnozlaşdırıla bilən münasibətlər qurmağa sövq edir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi, politoloq Sultan Zahidov APA-ya açıqlamasında qeyd edib ki, Azərbaycan və Rusiya prezidentlərinin Düşənbədə keçirilən görüşü iki ölkə arasında münasibətlərin normallaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Politoloq:

“Görüş zamanı Rusiya Prezidenti Vladimir Putin dekabr ayında baş verən aviasiya qəzası ilə bağlı Prezident İlham Əliyevdən dolayı üzrxahlıq etdiyini bir daha xatırladaraq, Rusiya tərəfinin məsələni araşdırmaq istiqamətində zəruri tədbirlər görəcəyini və qəzanın məsul şəxslərinə hüquqi qiymət veriləcəyini bildirdi. O, həmçinin zərərçəkən tərəflərə kompensasiya ödəniləcəyini qeyd etdi ki, bu da Azərbaycanın irəli sürdüyü tələblərin tam yerinə yetirilməsi deməkdir. Xatırladaq ki, iki ölkə arasında son bir ilə yaxın davam edən gərginliyin əsas səbəbi ötən ilin dekabrında Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qroznı üzərində Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması idi. Bunun ardınca Azərbaycan beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq tələblər irəli sürmüşdü. Rusiya Prezidentinin həmin tələblərin təmin ediləcəyini bildirməsi məsələnin həlli və münasibətlərdə yeni dinamikanın yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, bu görüşdən sonra iki ölkə arasındakı siyasi təmaslar daha da intensivləşəcək və bu, Azərbaycan–Rusiya gərginliyinin aradan qaldırılmasına ciddi təkan verəcək. Bu görüş və münasibətlərdə yaranan yeni dinamika hər iki tərəf üçün “uduş” sayılmalıdır,” deyə o, bildirib.

Simonyan və Zatulin ssenariləri iflasa uğradı

Qərbdəki bəzi qüvvələr və Rusiya daxilindəki ermənipərəst qruplar iki ölkə arasında gərginliyi daha da dərinləşdirməyə çalışır, informasiya və siyasi təxribatlarla “ikinci cəbhə” açmağa cəhd göstərirdilər. Lakin sakit və emosiyadan uzaq diplomatik xətt həm də müəyyən dairələrin planlarını pozdu. Düşənbə görüşü göstərdi ki, nə Bakı, nə də Moskva bu ssenarilərə uyğun hərəkət etmək niyyətində deyil. Əksinə, tərəflər münasibətləri rasional əsasda bərpa etmək və yeni mərhələyə keçirməkdə maraqlıdırlar. Bu konteksdə Azərbaycanın Şimal–Cənub Nəqliyyat Dəhlizindəki rolu, həmçinin iqtisadi və logistika baxımından artan əhəmiyyəti Rusiya üçün vacib strateji faktora çevrilib.

Politoloqun fikrincə, Düşənbə görüşü və Putinin mövqeyi Simonyan və digərlərinin planlarını puç edərək, Moskvanın geosiyasi şərait fonunda Azərbaycanla münasibətləri bərpa etmək qərarını nümayiş etdirdi: “Qeyd etmək lazımdır ki, mövcud gərginlikdən Rusiyada bəzi dairələr maksimum şəkildə sui-istifadə etməyə çalışırdılar. Marqarita Simonyan, Vladimir Solovyov və Konstantin Zatulin kimi şəxsləri misal çəkmək olar. Düşənbə görüşü onların planlarını faktiki olaraq puç etdi. Qonşu ölkələr kimi Azərbaycan və Rusiya normal münasibətlərin qorunmasında maraqlıdırlar. İki ölkə arasında ticarət-iqtisadi əlaqələr ildən-ilə artır. Buna humanitar, mədəni və digər sahələrdə əməkdaşlığı da əlavə etsək, aydın görünür ki, tərəflər bir-birinə ehtiyac duyur. Rusiya–Ukrayna müharibəsi fonunda Rusiyanın Şimal–Cənub Nəqliyyat Dəhlizinin işlək vəziyyətdə saxlanılmasına marağı və bu məsələdə Azərbaycanın roluna ehtiyacı aydındır. Müharibə nəticəsində Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalarla üzləşən Rusiyanın Azərbaycanla münasibətləri pisləşdirməsi, əslində, öz milli maraqlarına da zidd olardı. Düşünürəm ki, Düşənbə görüşü və Vladimir Putinin sərgilədiyi mövqe münasibətlərdə yeni mərhələnin əsasını qoyur. Bunun başlıca səbəblərindən biri də geosiyasi amillərlə bağlıdır. Rusiya Ukrayna müharibəsi fonunda sanksiyaların sərtləşməsi və bir sıra platformalardan təcrid olunması ilə üzləşib. Bu şəraitdə nəqliyyat, kommunikasiya və iqtisadi xətlərin genişləndirilməsi Rusiyanın strateji ehtiyacına çevrilib. Qərbin Rusiya ətrafında təsir dairəsini artırmaq cəhdləri Moskvanı sıxışdırır və bu baxımdan Rusiya Azərbaycanın strateji əhəmiyyətini daha aydın dərk edərək Bakı ilə münasibətləri bərpa etməyə qərar verib. Əslində, gərginliyin əsas səbəbkarı Rusiya idi. İndi isə Moskva bu gərginliyin aradan qaldırılmasında Azərbaycanla birgə konstruktiv rol oynayır. Bütün bunlara baxmayaraq, düşünürəm ki, Azərbaycan–Rusiya münasibətlərinin növbəti mərhələsi daha çox pozitiv məqamlarla yadda qalacaq. Tərəflərin atacağı qarşılıqlı addımlar burada mühüm rol oynayacaq. Geosiyasi kontekstin hazırda Rusiyanın əleyhinə olduğunu nəzərə alsaq, Moskvanın münasibətləri yenidən gərginləşdirəcək addımlar atacağı inandırıcı görünmür.”

Rusiyada azərbaycanlılara qarşı təqiblərin dayandırılması münasibətlərin gələcəyini müəyyən edəcək

FSB-linked

Azərbaycan-Rusiya münasibətlərinin normallaşması təkcə iki ölkənin deyil, bütövlükdə regionun sabitlik və təhlükəsizlik arxitekturası üçün mühüm əhəmiyyət daşıyır. İkitərəfli siyasi iradənin nümayişi və diplomatik kanalların aktivləşdirilməsi göstərir ki, tərəflər qarşıdurma ssenarilərindən uzaq duraraq qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modelinə üstünlük verirlər. Hazırkı mərhələdə diqqət mərkəzində yalnız siyasi jestlər deyil, həm də praktik addımlar dayanır. Rusiyada yaşayan azərbaycanlılara qarşı əsassız təqiblərin dayandırılması istiqamətində gözləntilər, qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi və regional layihələrdə koordinasiyanın gücləndirilməsi bu yeni mərhələnin əsas istiqamətləri olmalıdır.

Sultan Zahidov vurğulayıb ki, Rusiyada azərbaycanlılara qarşı təqiblərin aradan qaldırılması və atılacaq addımlar Azərbaycan-Rusiya münasibətlərinin gələcəyinə birbaşa təsir göstərəcək.

“Qarşıdakı dövrdə atılacaq addımlar Azərbaycan–Rusiya münasibətlərinin gələcək istiqamətini müəyyənləşdirəcək mühüm amillərdən biri kimi çıxış edəcək. Xüsusilə də, Rusiyada yaşayan həmvətənlərimizə və Rusiya vətəndaşlığına malik azərbaycanlılara qarşı son aylarda müşahidə olunan əsassız təqiblərin və diskriminativ yanaşmaların aradan qaldırılması bu prosesdə əsas prioritet məsələlərdən biridir. Bu istiqamətdə atılacaq real və sistemli addımlar həm iki ölkə arasında formalaşmış strateji tərəfdaşlıq mühitinin qorunmasına, həm də ictimai rəydə qarşılıqlı etimadın bərpasına ciddi töhfə verə bilər. Azərbaycanın gözləntisi ondan ibarətdir ki, qarşılıqlı siyasi anlaşma fonunda Rusiya tərəfi də bu məsələyə həssas yanaşaraq, vətəndaşlarımızın hüquqlarının qorunması istiqamətində konkret tədbirlər görəcək,” deyə BMTM) aparıcı məsləhətçisi əlavə edib.

Ermənistanın ‘re-export’ siyasəti ifşa olunur

Putin

Rusiya Prezidenti Vladimir Putinin Nikol Paşinyanı ticarət göstəriciləri ilə bağlı açıq şəkildə korrektə etməsi İrəvanın gizlətməyə çalışdığı “re-export” siyasətinin ifşası kimi dəyərləndirilə bilər. Paşinyan hökuməti Qərblə yaxınlaşma siyasətini dərinləşdirdikcə, Rusiya ilə formal iqtisadi əlaqələrdə şəffaflıq məsələləri daha çox suallar doğurur. Ticarət dövriyyəsi barədə təqdim edilən rəsmi statistikada uyğunsuzluqların Putinin diqqətinə çatdırılması və onun tərəfindən açıq şəkildə dilə gətirilməsi Kremlin bu məsələdə İrəvanın “ikili oyununu” daha artıq tolerə etməyəcəyinə işarədir.

MDB sammiti çərçivəsində baş verən başqa bir maraqlı hadisə də Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında yaşanan dialoq idi. Putin Paşinyandan Ermənistan–Rusiya ticarət dövriyyəsi barədə məlumat istədi. Paşinyan əvvəlcə dörd milyard, sonra isə doqquz milyard dollarlıq rəqəmlər səsləndirdi. Putin isə bu rəqəmlərin reallığı əks etdirmədiyini bildirdi və bununla Ermənistanın Avropa İttifaqından idxal etdiyi məhsulları sanksiyalara baxmayaraq Rusiyaya re-eksport etdiyinə işarə etdi. Fərqli mənbələr də təsdiqləyir ki, Ermənistan Avropa İttifaqından gətirilən malları Rusiyaya ixrac edir və bu da iki ölkə arasındakı ticarət dövriyyəsinin dəfələrlə artmasına səbəb olub. Rusiya Paşinyanın Qərbyönümlü siyasətindən və Avropa İttifaqına inteqrasiya xəttindən narazıdır,” deyə Sultan Zahidov fikrini yekunlaşdırıb.

Seçilən
31
1
apa.az

2Mənbələr