AZ

Prezidentlərin görüşü münasibətlərin sağlam və rasional əsaslara qayıtdığını göstərdi TƏHLİL

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan və Rusiya prezidentlərinin son görüşü iki ölkə arasında münasibətlərin tam normallaşma mərhələsinə daxil olduğunu nümayiş etdirdi. Görüş zamanı aparılan müzakirələr, səsləndirilən mesajlar və verilən siqnallar göstərdi ki, Bakı və Moskva qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın dərinləşdirilməsində qərarlıdır. Prezidentlər arasında keçirilən görüş həm siyasi, həm də psixoloji baxımdan əhəmiyyətli idi. 

Son aylarda bəzi anlaşılmazlıqlar fonunda yaranan gərginliklərin bu görüşlə aradan qaldırıldığı aydın göründü. Tərəflər bir daha təsdiqlədilər ki, Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır və bu istiqamətdə davamlı əməkdaşlıq hər iki ölkənin maraqlarına cavab verir. Görüşdə regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, nəqliyyat-kommunikasiya layihələri və humanitar sahədə qarşılıqlı fəaliyyət məsələləri də müzakirə olunub. Prezidentlərin səmimi atmosferdə keçən dialoqu qarşılıqlı etimadın və siyasi iradənin bərpasını göstərdi.

Politoloq Azər Niftiyev "Sherg.az"a deyib ki, Rusiya Prezidentinin görüşdən sonra media qarşısında verdiyi açıqlamalar diqqət çəkdi. Ekspert vurğulayıb ki, xüsusilə, təyyarə insidenti ilə bağlı səsləndirilən fikirlər məsələnin artıq arxada qaldığını, bütün texniki və siyasi aspektlərin həll olunduğunu deməyə əsas verir: 

"Bu, həm də iki ölkə arasında yaranmış mümkün gərginlikləri aradan qaldırmaq, münasibətləri tam normallaşdırmaq baxımından mühüm mesaj kimi qiymətləndirilir. Rəsmi Moskvanın bu məsələyə aydın və balanslı yanaşması Bakının prinsipial mövqeyi ilə üst-üstə düşür. Bu, qarşılıqlı hörmət və anlaşmanın bərpasının bariz göstəricisidir. Görüş həm də bir reallığı üzə çıxardı: Azərbaycan və Rusiya arasında münasibətləri pozmağa, qarşılıqlı etimadı sarsıtmağa çalışan qüvvələr məqsədlərinə nail ola bilmədilər".

Siyasi şərhçi bəyan edib ki, uzun müddətdir bəzi ermənipərəst dairələr - o cümlədən Simonyan, Solovyov, Zatulin və bu qəbildən olan şəxslər - informasiya manipulyasiyası və təxribat xarakterli ritorika ilə Azərbaycan-Rusiya münasibətlərini zədələməyə səy göstərirdilər:

"Lakin hər iki ölkə rəhbərliyinin uzaqgörən və təmkinli mövqeyi nəticəsində bu cəhdlər iflasa uğradı. Prezident Putinin media qarşısında səsləndirdiyi balanslı və aydın bəyanatlar göstərdi ki, Rusiya rəhbərliyi bu cür təxribatçı ritorikanın dövlət siyasətinə aidiyyəti olmadığını açıq şəkildə bildirir. Bu, Azərbaycanın da narahat olduğu əsas məsələlərdən birinə, Rusiyada bəzi ermənipərəst media və siyasi dairələrin anti-Azərbaycan fəaliyyətinə də aydınlıq gətirdi. Azərbaycan və Rusiya regionda sabitlik və təhlükəsizliyin əsas təminatçıları kimi mühüm strateji məsuliyyət daşıyırlar. Bu baxımdan iki ölkə arasında dialoqun bərpası və münasibətlərin tam normallaşması təkcə ikitərəfli səviyyədə deyil, həm də regional miqyasda müsbət təsir yaradır. Hər iki ölkə iqtisadi, logistika və enerji sahələrində bir-birini tamamlayan tərəfdaşlardır. Bu əməkdaşlıq artıq siyasi səviyyədə də qarşılıqlı etimada əsaslanan uzunmüddətli strategiyaya çevrilir. Azərbaycan və Rusiya prezidentlərinin görüşü iki ölkə arasında münasibətlərin sağlam və rasional əsaslara qayıtdığını nümayiş etdirdi. Bu görüş həm siyasi, həm də mənəvi baxımdan yeni mərhələnin başlanğıcını simvolizə edir - qarşılıqlı hörmət, konstruktiv dialoq və strateji əməkdaşlıq mərhələsinin. Rəsmi səviyyədə verilən siqnallar göstərir ki, Azərbaycan və Rusiya münasibətləri reallıq və praqmatizm üzərində qurulur. Bu isə regionda sabitlik və inkişaf üçün mühüm zəmin yaradır".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
sherg.az

1Mənbələr