ZƏNGİLAN, 11 oktyabr. TELEQRAF
"Minalanmış ərazilərin təmizlənməsi çox vaxt aparır və bu da itkin düşmüş şəxslərin yerinin müəyyən edilməsini çətinləşdirir".
Teleqraf xəbər verir ki, bu barədə insan hüquqları və humanitar hüquq üzrə beynəlxalq ekspert Afərin Şahidzadə bu gün Zəngilana səfəri çərçivəsində bildirib.
“Qarabağda yenidən olmaq mənim üçün xoş hissdir. Bu, artıq dördüncü səfərimdir və əvvəlki illərlə müqayisədə çox dəyişikliklər görürəm. Böyük tikinti işləri aparılıb, insanlar doğma torpaqlarına qayıdırlar. Ərazilərin minalardan təmizlənməsi vaxt tələb edir, çünki bu ərazilər çox minalanıb və proses hələ də davam edir”, - o qeyd edib.
Ekspert həmçinin vurğulayıb ki, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi ailələri üçün çox önəmlidir:
“İtkin düşən insanların yaxınları uzun illərdir onların aqibəti barədə məlumat gözləyirlər. Onların nə baş verdiyini bilməsi həm humanitar, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyır”.