"Qarabağ" Bakıda "Ayaks"ı məğlub edə bilər".
Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlmək şanslarını dəyərləndirib.
Tanınmış teleşərhçi bildirib ki, Ağdam klubu əsas mərhələnin ilk iki turunda "Benfika" və "Kopenhagen"ə qalib gəlsə də, ən gərgin mübarizə hələ irəlidədir.
Qeyd edib ki, Azərbaycan çempionunu qarşıda İngiltərə və İtaliyaya ağır səfərlər gözləyir, həmçinin Almaniya ilə Niderlandın adlı-sanlı təmsilçiləriylə duellər ağır keçəcək.
Abbasov bu qənaətdədir ki, "Qarabağ" liqaya uğurlu start verməklə ondan gözləntiləri artırıb, ancaq reallığı düzgün qiymətləndirmək, komandanın gücünü şişirtməmək lazımdır.
Çünki rəqiblər bundan sonra "köhlən atlar"la qarşılaşmalara kifayət qədər daha ciddi hazırlaşacaq.
SPORTİNFO.AZ