AZ

Niyə dəri ən çox payızda əziyyət çəkir, nə etməli? Ekspert MƏSLƏHƏTİ

ain.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Temperaturun kəskin dəyişməsi və immunitetin zəifləməsi payızı dəri üçün çətin mövsümə çevirir. Payız gələndə bir çoxları dərilərinin vəziyyətində pisləşmə hiss edirlər. Quruluq, qabıqlanma, qaşınma və ya xroniki xəstəliklərin kəskinləşməsi kimi. Dermatoloqlar bildirirlər ki, səbəb təkcə soyuq hava deyil, həm də immun sisteminin zəifləməsidir.

Lent.az payızda olan 3 əsas dəri problemini təqdim edir:

Yaydan sonra dəriyə “ikiqat zərbə”

Payızda dərimiz həm çöldəki soyuq havanın, həm də evdəki quru, isitmə səbəbindən qurumuş havanın təsirinə məruz qalır. Bu amillər dəriyə qoruyucu su-lipid qatının zədələnməsinə, nəticədə onun susuzlaşmasına gətirib çıxarır.

Dəri daha həssas və hər cür qıcıqlandırıcıya qarşı zəif olur. Bundan əlavə, payızda immun sistemimiz də zəifləyir, çünki bədən enerjisini istiliyi qorumağa yönəldir. Nəticədə orqanizm infeksiyalara qarşı daha az müqavimətli olur.

Quruluq, qabıqlanma və qıcıqlanma

Bu, payızın ən geniş yayılmış problemi sayılır. Dəridə dartılma hissi, qaşınma, qabıqlanma və mikroçatların yaranması daha çox açıq nahiyələrdə üzdə, əllərdə və dodaqlarda müşahidə olunur. Əgər bu əlamətlərə məhəl qoyulmasa, sadə qıcıqlanma xroniki dermatit və ya ekzema kimi ciddi problemlərə çevrilə bilər. Durumu daha da pisləşdirən amillərdən biri də çox isti su və aqressiv yuyucu vasitələrin istifadəsidir.

Xroniki dəri xəstəliklərinin kəskinləşməsi

Xroniki dermatoloji xəstəliklərdən əziyyət çəkən insanlar üçün payız rücət (relaps) mövsümüdür.

Psoriaz: yeni lövhəciklər (bəlğəclər) əmələ gəlir, qaşınma artır.

Seboreyalı dermatit: üzdə və baş dərisində qabıqlanma və qızartı ilə özünü göstərir.

Atopik dermatit: quru hava və isti sintetik geyimlə təmas nəticəsində kəskinləşir.

İnfeksiyalar göbələkdən tutmuş herpesə qədər

Zəifləmiş immunitet və rütubətli mühit infeksiyaların inkişafı üçün ideal şərait yaradır.

Göbələk infeksiyaları barmaqlar arasında və ya dəri büküşlərində qaşınma və qızartı ilə özünü göstərir. Onları çox vaxt allergiya ilə səhv salırlar, buna görə düzgün diaqnoz vacibdir.

Virus mənşəli xəstəliklər - xüsusilə herpes (dodaqlarda “soyuq”) payızda tez-tez aktivləşir.

Dəriyə necə kömək etmək olar

Dermatoloqlar payız mövsümündə dərini qorumaq üçün sadə, amma effektiv qaydaları tövsiyə edirlər:

Krem seçimi: keramidlərlə, hialuron turşusu ilə və təbii yağlarla zəngin nəmləndirici kremlərdən istifadə edin — onlar dərinin qoruyucu baryerini bərpa edir.

İsti sudan çəkinin: çox isti su və aqressiv sabunlar dərinin təbii yağ qatını məhv edir.

Sağlam həyat tərzi: düzgün yuxu, balanslı qidalanma və stressin azaldılması həm dəriyə, həm ümumi sağlamlığa müsbət təsir göstərir.

Profilaktik baxım: xroniki dəri xəstəliyiniz varsa, simptomlar yaranmadan əvvəl dermatoloqa müraciət edin və mövsümə uyğun qulluq planı hazırlayın.

Özbaşına müalicədən uzaq olun: əgər quruluq güclü qaşınma, çatlar, səpgilər və ya infeksiya əlamətləri ilə müşayiət olunursa, mütləq həkimə müraciət edin. Zamanında atılmış düzgün addımlar dərinin sağlamlığını bərpa etməyə və payızın çətinliklərini minimuma endirməyə kömək edəcək.

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
lent.az

1Mənbələr