Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib.
İclasın gündəliyinə daxil olan “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi birinci oxunuşda təsdiqlənib.
5 fəsil və 20 maddədən ibarət qanun layihəsi dövlət xidmətləri sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində münasibətləri tənzimləyir.
Layihədə dövlət xidmətlərinin göstərilməsi zamanı ASAN Xidmət”də tətbiq edilən vətəndaşyönümlü yanaşmanın və şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik, rahatlıq, innovativlik kimi “ASAN xidmət” prinsiplərinin bütün dövlət xidmətlərinə şamil edilməsi nəzərdə tutulur.
Bundan əlavə, sənədə əsasən dövlət xidmətlərinin keyfiyyətinə nəzarət mexanizmi qismində “ASAN xidmət” indeksi üzrə qiymətləndirmə nəticələri nəzərdə tutulur. Belə ki, layihəyə əsasən hər il üzrə qiymətləndirmə nəticələri Azərbaycan Respublikasının Prezidentinə və xidmət təminatçılarına təqdim edilir. Xidmət təminatçıları dövlət xidmətlərinin təkmilləşdirilməsi və aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər görməlidirlər.
Layihəyə əsasən dövlət xidmətinin göstərilməsinə yalnız həmin xidmət üzrə məlumatlar Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edildikdən sonra yol veriləcəkdir.
İclasda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev çıxış edərək, son illər ərzində “ASAN xidmət” tərəfindən görülən işlər barədə məlumatı diqqətə çatdırıb. O, hazırda BMT tərəfindən “ASAN xidmət”in dövlət xidmətləri sahəsində ən yaxşı model kimi qiymətləndirildiyini və 30-dan çox ölkəyə ixrac olunduğunu, 6 ölkədə isə “ASAN xidmət” əsasında mərkəzlərin fəaliyyət göstərdiyini bildirib. Dövlət Agentliyinin sədri ölkə Prezidentinin “ASAN xidmət” qarşısında qoyduğu vəzifələrin bundan sonra da uğurla həyata keçiriləcəyini, dövlət xidmətləri reyestrinin və “ASAN indeks qiymətləndirmə sistemi”nin dövlət xidmətlərinin təkmilləşdirilməsində mühüm rol oynayacağını bildirib.