AZ

Erməni vandalizminin sükuta bürünmüş şahidləri -Kütləvi məzarlıqlar

Zəfər qazanan xalqın ədalət mübarizəsi indi başqa bir mərhələdədir – bu, itkinlərin tapılması, yaddaşın bərpası və vicdanın azadlığı mərhələsidir

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra ölkəmizin qarşılaşdığı ən ağır sınaqlardan biri Ermənistanın hərbi təcavüzü, işğal və etnik təmizləmə siyasəti oldu. Bu təcavüz təkcə ərazi bütövlüyümüzü və suverenliyimizi pozmadı,  həm də minlərlə ailənin həyatına izsiz ağrı, dərin itkilər və bitməyən həsrət gətirdi. 1990-cı illərin əvvəllərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində on minlərlə insan öz doğma yurdlarından didərgin salındı, minlərlə azərbaycanlı mülki şəxs və hərbçi itkin düşdü. Onların taleyi illərlə müəmmalı qaldı, yüzlərlə ailə övladından, atasından, qardaşından bir xəbər almaq ümidi ilə yaşadı.

Azərbaycan xalqının bu yarası 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra sağalmağa başladı. Zəfər təkcə torpaqlarımızın azad olunması, dövlətimizin ərazi bütövlüyünün bərpası deyil, həm də illərlə gizlədilmiş cinayətlərin, insanlığa qarşı törədilmiş vəhşiliklərin üzə çıxarılması baxımından dönüş nöqtəsi oldu. İşğaldan azad edilmiş ərazilərdə aparılan arxeoloji və kriminalist tədqiqatlar, genişmiqyaslı qazıntı işləri nəticəsində aşkarlanan kütləvi məzarlıqlar bu cinayətlərin miqyasını bütün dəhşəti ilə ortaya qoydu. Hər bir məzar, hər bir qalıq təkcə bir insanın taleyini deyil, həm də bütöv bir xalqın yaddaşına həkk olunmuş faciəni ifadə edir.

Prezident İlham Əliyev oktyabrın 9-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə başlamış və 30 ildən artıq davam etmiş müharibənin doğurduğu humanitar faciələrdən biri də içərisində uşaqlar, qadınlar və ahılların olduğu 4000-dək azərbaycanlının itkin düşməsidir: “Torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə 29 kütləvi məzarlıq aşkar edilmişdir. Məzarlıqlardan tapılmış meyitlərin qalıqlarının ekspertizası qətlə yetirilmiş azərbaycanlıların dəhşətli işgəncələrə məruz qoyulduqlarını sübut edir. Bu, çox ağır mənzərədir. İnsanların kütləvi şəkildə, işgəncə ilə öldürülməsi, qeyri-insani qaydada basdırılması və cinayətin izlərinin itirilməsi beynəlxalq hüquq normalarının ciddi pozuntusudur”.

Bu sözlər yalnız bir dövlət başçısının mövqeyini deyil, bütöv bir xalqın vicdanının səsini əks etdirir. Azərbaycan dövləti 30 ilə yaxın bir dövrdə erməni terrorunun və soyqırım xarakterli vəhşiliklərin qurbanı olan itkin şəxslərin taleyinə aydınlıq gətirmək üçün ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirir.

Bu istiqamətdə ən mühüm addımlardan biri 2021-ci ilin fevral ayından etibarən başlanılan sistemli axtarış, qazıntı, ekshumasiya və identifikasiya prosesidir. Dövlət Komissiyasının rəhbərliyi altında aparılan bu işlər nəticəsində 2025-ci ilin oktyabrına qədər 800-ə yaxın itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanıb. Bu, həm texniki, həm də mənəvi baxımdan son dərəcə ağır prosesdir. Hər bir tapılan qalıq yalnız elmi sübut deyil, bir ailəyə illərlə gözlədiyi xəbərdir. İşğaldan azad edilmiş ərazilərdə 29 kütləvi məzarlıqda 218 nəfərə aid olduğu ehtimal edilən qalıqlar müəyyən edilərək istintaq orqanlarının iştirakı ilə ekshumasiya edilib. Bundan başqa, I Qarabağ müharibəsində həlak olmuş, lakin tanınmadan dəfn edilmiş 210 nəfərin qalıqları da 20 şəhər və rayondakı qəbiristanlıqlardan çıxarılaraq şəxsiyyəti müəyyənləşdirilmək üçün laborator analizlərə göndərilib. Dövlətin bu işə yanaşması yalnız hüquqi borc deyil, həm də mənəvi və milli məsuliyyətin ifadəsidir.

Bu fəaliyyətin arxasında Prezident İlham Əliyevin şəxsi diqqəti və siyasi iradəsi dayanır. Məhz Prezidentin tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsində Genetik Araşdırmalar Mərkəzi yaradılıb, müasir texnologiyalarla təchiz olunub və ən yüksək səviyyədə fəaliyyət göstərir. Qısa müddətdə bu mərkəzin laboratoriyaları vasitəsilə 187 nəfərin şəxsiyyəti müəyyənləşdirilərək ailələrinə təhvil verilib. Onlar milli və dini ənənələrə uyğun şəkildə dəfn edilib. Daha 14 itkin-şəhidin adları yaxın günlərdə ictimaiyyətə açıqlanacaq, digər 50 nəfərlə bağlı prosedurlar başa çatdıqdan sonra məlumat veriləcək.

“İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, general-polkovnik Əli Nağıyevin qeyd etdiyi kimi, bu proses həm peşəkar elmi, həm də mənəvi missiyadır. Dövlət Komissiyası təkcə laborator araşdırmalarla kifayətlənmir, ən çətin relyeflərdə belə axtarışları davam etdirir. 2025-ci ildə üç dəfə Kəlbəcər rayonunun Murovdağ silsiləsində dron texnologiyalarından istifadə edilməklə genişmiqyaslı qazıntı işləri həyata keçirilib. Əvvəlki illərdə bu istiqamətdə cəhdlər olsa da, bu il proses sistemli xarakter alıb və konkret nəticələr əldə olunub. Hazırda isə Ağdərə rayonunda yeni kütləvi məzarlığın tapılması bu səylərin davamlı xarakter daşıdığını göstərir. İlkin məlumata görə, bu məzarlıqda 10-dan çox Azərbaycan hərbçisinə aid meyit qalıqları aşkarlanıb.

Bu faktlar bir daha sübut edir ki, Ermənistan uzun illər ərzində təkcə torpaqlarımızı işğal etməmiş, həm də insanlığa qarşı ən ağır cinayətləri törətmişdir. Qadınların, uşaqların, qocaların işgəncə ilə öldürülməsi, kütləvi şəkildə gizli məzarlıqlarda basdırılması beynəlxalq humanitar hüququn, Cenevrə Konvensiyalarının, insan hüquqları prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Azərbaycan dövləti bu cinayətlərin araşdırılmasını və beynəlxalq səviyyədə tanınmasını təmin etmək üçün ardıcıl addımlar atır. Məhz bu məqsədlə ölkəmiz Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsi olaraq ötən ilin noyabrında BMT Baş Assambleyasının 3-cü Komitəsində Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib. Qətnamənin hazırlanması prosesində bir ay ərzində aparılmış intensiv danışıqlar nəticəsində sənədin mətni razılaşdırılıb və 56 ölkə həmmüəllif qismində ona qoşulub. Bu, Azərbaycanın humanitar diplomatiyasının növbəti uğuru, həm də itkinlər məsələsinin artıq qlobal səviyyədə hüquqi-siyasi müstəviyə çıxarılması deməkdir.

İtkin düşmüş şəxslərlə bağlı məsələlərin beynəlxalq aləmdə müzakirə olunması, müxtəlif platformalarda səsləndirilməsi, əslində, bir ədalət mübarizəsinin davamıdır. Azərbaycan bu məsələni siyasi gündəmin ön sırasına gətirməklə həm öz vətəndaşlarına qarşı törədilmiş cinayətlərin tanınmasını təmin edir, həm də gələcəkdə bu kimi faciələrin təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətin məsuliyyətini xatırladır.

Prezident İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda Bakı Dialoquna göndərdiyi müraciət bu baxımdan həm humanitar çağırış, həm də siyasi mesaj xarakteri daşıyır. Dövlət başçısı beynəlxalq ictimaiyyəti ədalətin bərpası naminə birgə fəaliyyətə səsləyərək bildirir ki, bu məsələ təkcə Azərbaycanın problemi deyil, bütün bəşəriyyətin vicdan sınağıdır.

Konfransın əhəmiyyəti təkcə müzakirələrin miqyası ilə deyil, həm də onun praktiki nəticələri ilə ölçülür. Tədbir iştirakçılarının Ağdərə rayonunun Ballıqaya kəndi ərazisindəki kütləvi məzarlığa səfəri, orada aşkarlanmış 10-dan çox hərbçiyə aid qalıqlarla tanış olması beynəlxalq nümayəndələr üçün bu cinayətlərin reallığını bir daha göz önünə sərdi. Daha sonra qonaqların Şuşa şəhərinə səfəri, o cümlədən bir zamanlar əsir-girovların dəhşətli işgəncələrə məruz qaldıqları Şuşa həbsxanası ilə tanışlığı bu faciənin miqyasını canlı şəkildə göstərdi.

Bundan əlavə, konfrans iştirakçılarının Cəbrayıl və Zəngilan rayonlarına səfəri, o cümlədən Ağalı və Məmmədbəyli kəndlərində yeni məskunlaşma məntəqələri ilə tanış olması Azərbaycanın həyat və bərpa iradəsini, müharibə və itkilər fonunda yenidənqurma gücünü nümayiş etdirir. Bu mənzərə bir tərəfdən dağıdılmış, məzarlıklara çevrilmiş torpaqların ağrısını, digər tərəfdən isə dirçəlişin və ədalətin təntənəsini əks etdirir.

Azərbaycanın bu istiqamətdə gördüyü işlər təkcə milli məsələ deyil, həm də beynəlxalq humanitar ədalətin təntənəsinə mühüm töhfədir. Bu gün dünya ictimaiyyəti Azərbaycan nümunəsində bir həqiqəti görür – ədalət gecikə bilər, amma mütləq bərpa olunur. İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi prosesi bu ədalətin bərpasının bir hissəsidir. Əslində, hər bir tapılan məzar, hər bir müəyyənləşdirilən şəxsiyyət Azərbaycanın tarixində bir vicdan səhifəsinin tamamlanması deməkdir. Bu proses təkcə keçmişlə bağlı deyil, gələcək nəsillərə ibrət dərsidir – unutmamaq, bağışlamamaq, lakin insanlıq və ədalət prinsiplərinə sadiq qalmaq dərsi. Bu gün azad Qarabağ torpaqlarında həyata keçirilən qazıntılar, aşkarlanan məzarlıqlar, aparılan genetik analizlər yalnız ölüm faktlarını deyil, həyatın, yaddaşın və milli birliyin təntənəsini təsdiqləyir. Azərbaycanın bu istiqamətdə nümayiş etdirdiyi iradə, beynəlxalq təşkilatlarla qurduğu əməkdaşlıq və dövlət səviyyəsində yaradılmış güclü institusional mexanizmlər sübut edir ki, heç bir cinayət, heç bir vəhşilik unudulmayacaq. Zəfər qazanan xalqın ədalət mübarizəsi indi başqa bir mərhələdədir – bu, itkinlərin tapılması, yaddaşın bərpası və vicdanın azadlığı mərhələsidir. Azərbaycan bu mərhələdə də qalib gələcək.

Nigar Orucova, "İki sahil"

Seçilən
13
ikisahil.az

1Mənbələr