AZ

Narkomaniyaya qarşı mübarizə ümumxalq işidir

Hər il olduğu kimi bu il də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nazirlik tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bir sıra tədbirlər həyata keçirilmişdir.

Nazirliyin və digər aidiyyəti orqanların əməkdaşlarının birgə səyləri nəticəsində respublikanın münbit torpaq sahələrində və meşə zolaqlarında əkilən və ya yabanı halda bitən narkotik xassəli bitkilərin aşkar olunması, həmçinin bu bitkilərin məhv edilməsi məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirilmişdir. Belə ki, nazirliyin regional ekologiya idarələrinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər nəticəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı hallar aşkar edilməmişdir.

Eyni zamanda, regional meşə təsərrüfatı mərkəzləri tərəfindən həyata keçirilmiş monitorinqlər zamanı 01.05.2025-ci il tarixində 15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Daşağıl meşəbəyliyinin 7 saylı dolayında (Oğuz rayonunun inzibati ərazisində) ümumi çəkisi 60,0 kq olan 200 (iki yüz) ədəd yabanı halda bitmiş çətənə kolları Mərkəzin əməkdaşları tərəfindən aşkar olunmuş və Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə yandırılaraq məhv edilmişdir. Qeyd olunan faktla bağlı Oğuz Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılmış və 16.05.2025-ci il tarixində materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

Bundan əlavə, 25 iyun 2025-ci il tarixində 9 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən 6 saylı meşəbəyliyinin 7 saylı dolayında (İmişli rayonunun inzibati ərazisində) narkotik xassəli bitkilər aşkar edilmiş və bu barədə İmişli Rayon Polis şöbəsinə məlumat verilmişdir. Hazırda İmişli Rayon Polis şöbəsində araşdırma aparılır.

Cari ilin 18 avqust tarixində 8 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən Tala meşəbəyliyinin 2 saylı dolayında (Zaqatala rayonunun inzibati ərazisində) ümumi sahəsi 0,01 hektar olan ərazidə aqrotexniki qaydada qulluq edilmiş 29 ədəd kökündən çıxarılmış, 11 ədəd isə köküstə olan çətənə kolu aşkar edilmişdir. Faktla bağlı Zaqatala Rayon Polis şöbəsinə məlumat verilmişdir. Bununla əlaqədar hazırda Zaqatala Rayon Polis şöbəsində araşdırma aparılır. Həmçinin 2025-ci ilin müvafiq dövrü ərzində mütəmadi olaraq keçirilən reydlər zamanı Zaqatala Dövlət Təbiət Qoruğunun və Şahdağ Milli Parkının İsmayıllı bölməsinin xidməti ərazilərində narkoxassəli bitkilər aşkar edilmişdir.

Balakən Rayon Polis şöbəsinin əməkdaşları, Sərhəd qoşunları və Daxili qoşunların hərbi qulluqçuları ilə birlikdə Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşlarının keçirdikləri genişmiqyaslı tədbirlər çərçivəsində 31 iyul 2025-ci il tarixində Zaqatala Dövlət Təbiət Qoruğunun 02 saylı dolayının 85-ci kvartalının ərazisində aqrotexniki qaydada qulluq olunmuş sayı 101 ədəd, 01 avqust tarixində 01 saylı dolayın 99-cu kvartalında 90 ədəd və 27 avqust tarixində 04 saylı dolayın 64-cü kvartalında 79 ədəd olmaqla cəmi 270 ədəd çətənə kolları aşkar edilərək məhv edilmişdir.

Şahdağ Milli Parkının İsmayıllı bölməsinin xidməti ərazisində cari ilin 17 iyun tarixində İsmayıllı Rayon Polis şöbəsinin əməkdaşlarının iştirakı ilə keçirilmiş reyd zamanı 4243 ədəd kol olmaqla çəkisi 5.1 ton olan çətənə kolu aşkar edilərək məhv edilmişdir.

Bununla yanaşı, ETSN-in müvafiq qurumları tərəfindən narkotik tərkibli yabanı bitkilərin zərərli xassələrinin təbliği ilə bağlı bir sıra maarifləndirici tədbirlər həyata keçirilmişdir.

2025-ci ilin 9 ayı ərzində yerli icra nümayəndəliklərinin, bələdiyyələrin, əhalinin və məktəblilərin iştirakı ilə Bakının Sabunçu rayonundakı 137, 297 nömrəli, Binəqədi rayonu 90, 314 nömrəli tam orta məktəblərində, Lənkəran şəhər 9 nömrəli, Lənkəran rayon Xolmili kənd tam orta məktəblərində, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Boladi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində, Lerik rayon Sivəkəran kənd ümumi orta məktəbində, Cəlilabad rayon Ocaqlı kənd 1, 2 nömrəli, Günəşli kənd 1 nömrəli məktəblərində, Sabirabad rayon Şıx Salahlı kənd tam orta məktəbində, Hacıqabul rayon Navahı kənd tam orta məktəbində, Cəbrayıl şəhər tam orta məktəbində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı ictimai mübarizə”, Gəncə şəhəri 4 nömrəli tam orta məktəbində “Narkomaniya”, Ağcabədi şəhər 9, 12 nömrəli, Ağcabədi rayon 8 nömrəli tam orta məktəblərində, Hindarx qəsəbəsi 1 nömrəli orta məktəbində, Bərdə İdarəetmə Texnologiya Kollecində, Ü.Hacıbəyov adına 7 nömrəli tam orta məktəbində, Füzuli rayon Əhmədbəyli kənd tam orta məktəbində “Narkotik maddələrdən istifadə geniş ictimai təhlükə mənbəyidir”, Tovuz rayon Alakol kənd N.Sadıqov adına tam orta məktəbində, Şəmkir rayon Düyərli bələdiyyəsində “Narkotok vasitələrin insan sağlamlığına mənfi təsiri” mövzularında tədbirlər keçirilmişdir.

Bütövlükdə nazirlik tərəfindən narkotik xassəli bitkilərin qanunsuz əkilib becərilməsinin, eləcə də yabanı bitənlərin qarşısının alınması istiqamətində mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir və bu iş daim nəzarətdə saxlanılır.

Leyla Əliyeva,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri

Seçilən
2
ikisahil.az

1Mənbələr