AZ

Ərdoğan Netanyahunun işini dünya məhkəməsinə çıxaracağına söz verib...


Züriyə Ruslanqızı: “...Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail Baş naziri Benyamin Netanyahuya münasibətdə sərt siyasi kursunu dəyişəcəyi inandırıcı görünmür”

Qəzza məsələsində İsraillə HƏMAS razılığa gəliblər. Lakin burda bir məsələ hələ qalır. 2023-cü ildə, Qəzzada proseslər başlanan dönəmdə Türkiyə hökuməti İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırıb. Türkiyə prezidentinin indiyədək apardığı siyasi kursun bir istiqaməti İsrailin baş naziri Netanyahunun müharibə canisi, genosid müqəssiri kimi tanınmasına nail olmaqdır.

Ərdoğan onun beynəlxlaq məhkəmədə ittiham olunmasını qətiyyətlə tələb edib. Ərdoğanın Netanyahu ilə bağlı bu məlum kursu atəşkəsdən sonra da davam etdiriləcəkmi? Ərdoğan güzəşt edəcək, ya sonadək gedəcək?

“...Bu ittihamları beynəlxalq hüquq və diplomatik mexanizmlər çərçivəsində irəli sürməyə üstünlük verəcək”

Politoloq Züriyə Ruslanqızı (Qarayeva) “Bakı-Xəbər”ə “Qəzza ilə bağlı əldə olunan atəşkəs razılaşması bölgədə nisbi sakitlik yaratsa da, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail Baş naziri Benyamin Netanyahuya münasibətdə sərt siyasi kursunu dəyişəcəyi inandırıcı görünmür. Ərdoğan uzun illərdir Netanyahunu müharibə canisi, genosid məsuliyyətinə görə beynəlxalq məhkəmədə cavab verməli şəxs kimi təqdim edib. Bu mövqe yalnız Qəzza müharibəsi dövründə formalaşmayıb, onun Yaxın Şərq siyasətinin ideoloji dayaqlarından birinə çevrilib. Buna görə də atəşkəsin əldə olunması Ərdoğanın ritorikasını yumşaltmaq üçün yetərli səbəb deyil”-deyə bildirdi.

Z.Ruslanqızının sözlərinə görə, hazırkı mərhələdə Türkiyə diplomatik manevr imkanlarını geniş saxlamağa çalışır, Ankara həm regional nüfuzunu qorumaq, həm də Qərb və ərəb dünyası arasında balanslı mövqe tutmaq istəyir: “Bu baxımdan Ərdoğan ritorikasında sərt ifadələri saxlayacaq, lakin praktik addımlarda ölçülü davranacaq. O, Netanyahunu ittiham etməkdə davam edəcək, lakin bu ittihamları beynəlxalq hüquq və diplomatik mexanizmlər çərçivəsində irəli sürməyə üstünlük verəcək. Yəni sərt tonda danışsa da, qarşıdurmanı dərinləşdirəcək konkret addımlar atmaq ehtimalı azdır”.

Politoloqun fikrincə, Ərdoğan üçün bu mövqe həm daxili auditoriyaya mesajdır, həm də Türkiyənin İslam dünyasındakı liderlik iddiasının bir parçasıdır. “O, Qəzzada törədilən hadisələri unutmayan, ancaq regionda sabitlik və vasitəçilik missiyasını da qoruyan siyasətçi obrazını saxlamağa çalışacaq. Nəticə etibarilə, Ərdoğan Netanyahudan üz döndərməyəcək, lakin münasibətlərin bərpası istiqamətində də açıq güzəştə getməyəcək. Onun üçün bu, artıq yalnız diplomatik deyil, həm də siyasi prinsip məsələsinə çevrilib”-deyə Z.Ruslanqızı bildirdi.

İradə SARIYEVA

Seçilən
12
baki-xeber.com

1Mənbələr