AZ

Yeddi Avropa ölkəsi Rusiyadan enerji idxalını artırıb

Reuters: Fransa, Niderland və Belçika 2025-ci ildə Rusiya enerjidaşıyıcılarına tələbatı əhəmiyyətli dərəcədə yüksəldib...

Avropa İttifaqına üzv yeddi ölkə — Fransa, Belçika, Niderland, Xorvatiya, Rumıniya, Portuqaliya və Macarıstan 2025-ci ildə Rusiyadan enerji resurslarının idxalını artırıb.

Poliqon xəbər verir ki, bu barədə Reuters agentliyi öz ticarət və gömrük mənbələrinə istinadən məlumat yayıb.

Hesabatda bildirilir ki, sözügedən ölkələr 2024-cü illə müqayisədə Rusiyadan idxal olunan enerji məhsullarının həcmini və dəyərini yüksəldiblər. Xüsusilə, Fransada Rusiya enerjidaşıyıcılarının idxalı 40 faiz artaraq 2,2 milyard avroya çatıb, Niderlandda isə bu göstərici 72 faiz artaraq 498 milyon avro təşkil edib.

Məlumata görə, Avropa İttifaqının ümumi sanksiya siyasətinə baxmayaraq, bir sıra üzv ölkələr enerji bazarında sabitliyi qorumaq və qiymət artımlarının qarşısını almaq məqsədilə Rusiya ilə ticarət əlaqələrini tam dayandırmır. Analitiklər hesab edirlər ki, bu tendensiya Avropanın enerji təhlükəsizliyinə dair daxili ziddiyyətləri bir daha üzə çıxarır.

Agentliyin məlumatına əsasən, bəzi Avropa dövlətləri Rusiyadan qaz və neft məhsullarını birbaşa deyil, üçüncü tərəflər vasitəsilə alır, bu da formal olaraq sanksiya rejiminin pozulmadığı təəssüratını yaradır.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Avropa İttifaqını Rusiyadan enerji asılılığını tam dayandırmağa çağırıb və əks halda, Vaşinqtonun Moskva əleyhinə yeni sanksiyalarının tətbiqini ləngidə biləcəyini bəyan edib.

Ekspertlərə görə, Avropa ölkələrinin bu mövqeyi Vaşinqtonla Brüssel arasında enerji siyasəti sahəsində yeni fikir ayrılıqlarına səbəb ola bilər.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr