The Washington Post: Ağ Evin Büdcə İdarəsinin rəhbəri Rassel Vout prosesin artıq başladığını təsdiqləyib...
ABŞ prezidenti Donald Trampın administrasiyası hökumətin fəaliyyətinin qismən dayandırılması (t. n. shutdown) səbəbindən federal işçilərin ixtisarına start verib.
Poliqon xəbər verir ki, bu barədə The Washington Post nəşri məlumat yayıb.
Ağ Evin Büdcə İdarəsinin direktoru Rassel Vout bildirib ki, ixtisar prosesi artıq başlanıb və ilkin mərhələdə “əsas olmayan və müvəqqəti vəzifələrdə çalışan” əməkdaşları əhatə edir. Onun sözlərinə görə, bu addım büdcə xərclərini minimuma endirmək və hökumət strukturlarının “zəruri xidmətlərə fokuslanmasını təmin etmək” məqsədi daşıyır.
Vout qeyd edib ki, hazırda federal qurumlar arasında resursların yenidən bölüşdürülməsi aparılır və vəziyyətin sabitləşməsi üçün alternativ maliyyə planları hazırlanır. “Biz çalışanların əksəriyyətinə hörmətlə yanaşırıq, lakin dövlət idarələrinin fəaliyyəti davam etməlidir. Hökumət dayanıbsa, xərclər də azaldılmalıdır,” – deyə o vurğulayıb.
Məqalədə bildirilir ki, ABŞ Konqresində büdcə razılaşmasının əldə olunmaması nəticəsində dövlət orqanlarının bir çoxu müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Nəticədə, on minlərlə federal qulluqçu məzuniyyətə göndərilib və ya əmək müqaviləsi dayandırılıb.
Ekspertlər hesab edirlər ki, əgər tərəflər yaxın günlərdə kompromisə gəlməsələr, bu vəziyyət ABŞ iqtisadiyyatına və dövlət xidmətlərinin göstərilməsinə ciddi təsir göstərə bilər.
Poliqon.info