AZ

Qəfil ölüm hallarında vəfat etmiş şəxsin ailəsi sənəd problemi ilə üzləşir

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ürək tutması, infark və s. bu kimi hallardan qəfil ölümlər vəfat etmiş şəxslərin ailələrinə sonradan problemlər yaradır. Onların ailə üzvləri ölüm haqqında şəhadətnamə almaqda çətinliklə üzləşirlər. Çünki ölüm qəfil baş verdiyinə görə onun səbəbi barədə tibbi sənəd ala bilmirlər. Həmin sənəd olmayanda isə ölüm haqqında şəhadətnamə verilmir.

Bizimyol.info xəbər verir ki, belə olan halda, mərhumun ailə üzvləri ölüm faktının tanınması üçün ərizə ilə məhkəməyə üz tuturlar. Məhkəmədə ərizəçinin, şahidlərin ifadələri dinləniləndən, müəyyən sənədlər araşdırılandan sonra hakim ölüm faktının müəyyən edilməsi barədə qərar qəbul edir. Ərizəçi də həmin qərarı qeydiyyat şöbəsinə təqdim edərək, vəfat etmiş ailə üzvünə ölüm haqqında şəhadətnamə ala bilir.

Həyat yoldaşı qəfil ürək tutması nəticəsində vəfat edən Sevinc Məmmədova deyir ki, dərhal Təcili Tibbi Yardıma zəng ediblər. Lakin həkim gələndə artıq ölüm faktı baş vermişdi:

“Hadisə gecə olmuşdu. Həkim gəlib şifahi şəkildə dedi ki, infaktdan vəfat edib. Lakin sənəddə vaxtı göstərsə də, səbəb göstərilmədi. Heç bir cinayət hadisəsi, şübhəli nəsə yox idi. Polislər də gəlmişdilər, həkimlər də gördülər. Poliklinikaya getdik, Təcili Yardımın verdiyi sənədi təqdim elədik, amma bizə qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnamə almaq üçün lazım olan sənədi vermədilər. Dedilər ki, neçə illərdir gəlib yoxlanmayıb. Bu adamın şikayəti olmayıb. Cavan adamdır. Ona görə gəlməyib. Məcbur olub, məhkəmə yolu ilə aldıq”.

Hüquqşünas Tural Ağayev bildirir ki, bu cür problemlə üzləşən vətəndaşların sayı həddindən artıq çoxdur. Onun sözlərinə görə, bunun da müxtəlif səbəbləri var: “Əvvəla, qəfil ürək tutması, infarkt xəstəliklərindən ölümlərin sayı artıb. Təcili yardım gələnə qədər ölüm faktı qeydə alınırsa, adamın əvvəllər heç bir şikayəti olmayıb, həkimə getməyibsə, əksər hallarda, tibbi sənəd vermirlər. Bunu da belə izah edirlər ki, cinayətə bağlı hansısa şübhəli hal ola bilər. Özlərini sığortalayırlar. Bir iş vardı. Şəxs qızını cəzaçəkmə müəssisəsinə, kürəkəninin yanına aparmışdı. Müəssisənin qarşısında gözləmişdi ki, qızı həyat yoldaşı ilə görüşdən çıxsın. Maşında gözləyərkən ürək tutmasından vəfat etmişdi. Ərazidə nə qədər kameralar var. Amma adamın ailəsi sənəd ala bilmədi və məhkəməyə müraciət etməli oldu”.

Tural Ağayev hesab edir ki, vətəndaşları əsassız incitmək doğru deyil. Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, insanların bir çoxu maddi imkansızlıq ucbatından sağlamlığına həssas yanaşa bilmir. Vaxtında müayinə və müalicə oluna bilmir: “Bu səbəbdən onlar sağlamlıqlarındakı xəstəliklərdən vaxtında xəbərdar olmurlar”.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
bizimyol.info

1Mənbələr