AZ

ChatGPT “mövcud olmayan” yerlərə səyahətlər planlaşdırır

The Times: Gənc turistlər süni intellektin tövsiyələrinə kor-koranə inanır, amma bəzi məkanlar reallıqda yoxdur...

Poliqon xəbər verir ki, The Times nəşri süni intellektin (xüsusilə ChatGPT-nin) turistlərə təqdim etdiyi səyahət marşrutları ilə bağlı maraqlı, eyni zamanda problemli tendensiyaya diqqət çəkib. Məlum olub ki, texnoloji platforma tərəfindən yaradılan səyahət planları çox cazibədar görünsə də, onların bir hissəsi reallıqda mövcud olmayan məkan və obyektləri əhatə edir.

Məqalədə qeyd olunur ki, Z nəsli (gənc istifadəçilər) demək olar, hər qərarını ChatGPT ilə məsləhətləşərək qərar verir və bu, səyahət planlaşdırılmasına da sirayət edib. Lakin təcrübə göstərir ki, bu hallarda süni intellektin təkliflərini yoxlamadan qəbul etmək ciddi məyusluqlara səbəb ola bilər.

Amerikalı səyahət bloqeri Mədisson Rolli Avropa üzrə iki həftəlik tur planlaşdırarkən ChatGPT-dən “virtual turoperator” kimi istifadə edib. O, təyin etdiyi tarixlər və təxminən 1000 dollarlıq büdcə əsasında ChatGPT-nin təqdim etdiyi marşrut üzrə hərəkət edib. Lakin Xorvatiyanın Split şəhərində “ən fotogenik səhər yeməyi kafesi” kimi təqdim edilən məkana çatanda, bloqeri yalnız təəccüblənmiş təmizlik işçiləri qarşılayıb — məlum olub ki, sözügedən restoran yalnız axşam saatlarında fəaliyyət göstərir.

Rolli bu vəziyyəti “bir qədər gülməli və çaşdırıcı” adlandırıb. O, əlavə edib ki, süni intellektin təklifləri çox inandırıcı görünsə də, real yoxlamadan keçmədiyi üçün bəzi hallarda xəyal məhsuluna çevrilir.

The Times yazır ki, bu kimi hallar getdikcə daha çox yayılır: ChatGPT bəzən “halüsinasiyalar” yaradır — yəni, mövcud olmayan otellər, restoranlar, hətta tarixi məkanlar uydurur.

SEO Travel şirkətinin araşdırmasına görə, süni intellekt tərəfindən tərtib olunan marşrutların yarısından çoxu ya fəaliyyət saatlarından kənarda açıq olmayan obyektləri, ya da artıq bağlanmış məkanları əhatə edir.

Ekspertlər bildirirlər ki, süni intellekt alətləri səyahət planlaşdırılmasında faydalı ola bilər, lakin istifadəçilər hər bir tövsiyəni etibarlı mənbələrlə dəqiqləşdirməlidirlər.

Poliqon.info

Seçilən
9
poliqon.info

1Mənbələr