Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birgə 10 oktyabr 2025-ci il tarixdə keçirilmiş prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanı ölkəmizdə hüquq sistemində aparılan ardıcıl islahatların və şəffaf kadr siyasətinin bariz nümunəsidir.
Bu barədə "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev QHT.az-a bildirib ki, bu müsabiqə təkcə gənc hüquqşünasların bilik səviyyəsinin qiymətləndirilməsi deyil, həm də ədalətə çıxış, bərabər imkanlar və ictimai etimad prinsiplərinin praktik təcəssümüdür. Ulu Öndər Heydər Əliyevin əsası qoyduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən dövlət gənclər siyasəti bu gün prokurorluğa qəbul kimi proseslərdə konkret nəticələrini göstərir – gənclərin bilik, bacarıq və mənəvi dəyərlər əsasında dövlət qulluğuna seçilməsinə şərait yaradır.
"Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən prokurorluq islahatları – idarəetmənin modernləşdirilməsi, elektron proseslərin tətbiqi, etik davranış mədəniyyətinin möhkəmləndirilməsi və açıq kadr siyasəti – bu imtahan prosesində real nəticəsini tapıb. Elektron qaydada keçirilən test imtahanı, Dövlət İmtahan Mərkəzi ilə birgə təşkilatçılıq, eləcə də vətəndaş cəmiyyəti nümayəndələrinin müşahidəçi qismində iştirakı şəffaflığın və obyektivliyin yüksək səviyyədə təmin olunduğunu nümayiş etdirib.
Baş prokuror Kamran Əliyevin islahat fəlsəfəsi bu mərhələdə də öz əksini tapır: “Prokurorluq orqanlarına qəbul prosesi yalnız hüquqi bilik yoxlaması deyil, həm də dürüstlük, vicdan və vətənpərvərlik sınağıdır. Məqsədimiz ədaləti xidmət edən gənclərin sistemə cəlb olunmasıdır.”
"Konstitusiya" Araşdırmalar Fondu hesab edir ki, bu cür açıq və rəqabətə əsaslanan proseslər dövlət idarəçiliyində şəffaflıq və hesabatlılıq dəyərlərini möhkəmləndirir, hüquq sistemində insan kapitalının yenilənməsinə və keyfiyyətinin artmasına şərait yaradır, vətəndaş cəmiyyəti institutlarının ictimai nəzarət və monitorinq rolunu daha da gücləndirir. Fond bu imtahanı prokurorluq sistemində islahatların davamlılığının göstəricisi və Konstitusiyanın 25-ci (bərabərlik hüququ) və 32-ci (ədalətə çıxış hüququ) maddələrinin praktiki təsdiqi kimi qiymətləndirir.
"Konstitusiya" Araşdırmalar Fondu prokurorluq sistemində şəffaf və obyektiv kadr siyasətinin formalaşmasına töhfə verən bütün qurumlara – Baş Prokurorluğa, Dövlət İmtahan Mərkəzinə və ictimai müşahidəçilərə təşəkkür edir. Fond, imtahanda uğur qazanmış bütün gənc hüquqşünaslara növbəti mərhələlərdə uğurlar arzulayır, dövlət qulluğuna qəbulun bu modelinin ədalətli seçim və inamlı gələcək nümunəsinə çevrildiyini bildirir. Eyni zamanda, bütün vətəndaş cəmiyyəti institutlarını bu proseslərdə müstəqil tərəfdaş və ictimai müşahidəçi kimi fəal iştirak etməyə çağırır."