Pekin Vaşinqtonun addımına cavab olaraq hər net-ton üçün 400 yuan məbləğində rüsum müəyyənləşdirib...
Çin hökuməti ABŞ-yə məxsus gəmilərdən öz limanlarına daxil olduqları zaman yeni liman rüsumu tutmağa başlayacaq.
Poliqon xəbər verir ki, bu barədə məlumatı Bloomberg yayıb. Qərar ABŞ ilə Çin arasında son aylarda dərinləşən ticarət və dəniz daşımaları sahəsindəki qarşıdurmanı daha da kəskinləşdirəcək.
Yeni qaydalara əsasən, ABŞ bayrağı altında üzən gəmilərdən hər net-ton üçün 400 yuan (təxminən 56 ABŞ dolları) məbləğində rüsum tutulacaq. Bu rüsum mərhələli şəkildə artırılacaq və 2028-ci ilin aprel ayına qədər 1120 yuana (təxminən 156 dollar) çatdırılacaq.
Çin tərəfi bu addımı ABŞ-nin “Çində istehsal olunan, idarə olunan və ya Çinə məxsus” gəmilər üçün liman rüsumları tətbiq etmək planına cavab addımı kimi təqdim edib. Pekin bəyan edib ki, Vaşinqtonun bu planı “beynəlxalq ticarət prinsiplərini və iki ölkə arasında mövcud dəniz razılaşmalarını ciddi şəkildə pozur”.
Ekspertlərin fikrincə, bu qərar dünya dəniz ticarətinə və logistika bazarına da təsir göstərə bilər. Xüsusilə, ABŞ-Çin arasında enerji daşıyıcıları və xammalın dənizlə daşınması sahəsində əlavə xərclərin yaranacağı gözlənilir.
Mütəxəssislər həmçinin bildirirlər ki, tərəflər arasında qarşılıqlı məhdudiyyətlərin artması qlobal dəniz nəqliyyatı tariflərini yüksəldə və beynəlxalq bazarlarda yeni qiymət dalğalanmalarına səbəb ola bilər.
Poliqon.info