AZ

Səbinə Kərimova: “Sağlam düşüncə olmadan sağlam cəmiyyət qurmaq mümkün deyil”

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova QHT.az-a açıqlamasında bildirib ki, Ümumdünya Psixi Sağlamlıq Günü psixi rifahın insan həyatında nə qədər vacib olduğunu bir daha xatırladır.

Onun sözlərinə görə, sağlam düşüncə olmadan sağlam cəmiyyətin formalaşması mümkün deyil:

“Bu sahədə yalnız dövlət qurumlarının deyil, QHT-lərin də üzərinə mühüm vəzifələr düşür. İnsanlar psixoloji problemlər barədə danışmaqdan çəkinməməlidirlər. Təəssüf ki, hələ də bu mövzu cəmiyyətdə tabu hesab olunur. QHT-lərin əsas rolu maarifləndirmə və məlumatlandırmadır. Təlimlər, seminarlar və ictimai kampaniyalar vasitəsilə stereotipləri aradan qaldırmaq, insanların psixi sağlamlıq haqqında açıq danışmasına şərait yaratmaq vacibdir.”

QHT sədri həmçinin psixoloji dəstək xidmətlərinin əlçatanlığının artırılmasının önəmini vurğulayıb:

“Hər kəsin psixoloqa müraciət etmək imkanı olmur. Bu səbəbdən QHT-lər dəstək xətləri, yardım qrupları və pulsuz konsultasiyalar təşkil etməlidirlər. Bəzən sadəcə bir dəstək sözü belə insanın həyatında dönüş nöqtəsi ola bilər. Xüsusilə həssas qruplar — uşaqlar, gənclər və əlilliyi olan şəxslər üçün psixoloji dəstək proqramlarının hazırlanması vacibdir. QHT-lərin bu istiqamətdə fəaliyyəti onların özünü dəyərli və güvənli hiss etməsinə, cəmiyyətə daha rahat inteqrasiya olunmasına şərait yaradır.”

Sonda QHT sədri bildirib ki, psixi sağlamlığın qorunması hər bir insanın həyat keyfiyyətinə təsir göstərir:

“QHT-lər cəmiyyətlə dövlət arasında körpü rolunu oynamalı, insanların ehtiyaclarını gündəmə gətirməlidirlər. Sağlam düşüncə olmadan sağlam həyat qurmaq mümkün deyil.”

 

Pərvanə Fərhadqızı

Seçilən
2
qht.az

1Mənbələr