“Barselona”nın tarixi “çempionlar kollektivi”ndə "yarpaq tökümü" davam edir.
Fanat.Az xəbər verir ki, klubun simvol isimlərindən Serxio Buskets və Jordi Alba mövsümün sonunda futbolu buraxacaqlarını açıqlayıblar.
Bununla da “Barsa”nın 2015-ci ildə Çempionlar Liqasını qazanan heyətindən cəmi dörd futbolçu – Lionel Messi, Luis Suares, Neymar və Mark-Andre ter Ştegen yaşıl meydanlarda top qovmağa davam edəcəklər.
O möhtəşəm heyət “MSN” hücum triosu (Messi-Suares-Neymar), Buskets, İnyesta, Pike, Dani Alves kimi adlarla tarix yazmış, bir mövsümdə La Liqa, İspaniya Kuboku və Çempionlar Liqası qazanaraq “trebl” etmişdi.
İndi isə o komandanın parlaq ulduzları bir-bir futbol səhnəsini tərk edir. Messi MLS-də karyerasının son mərhələsini yaşayır, Neymar Səudiyyə Ərəbistanında forma geyinir, Suares Cənubi Amerikada mübarizəsini davam etdirir, Ter Ştegen isə həmin "Barselona"nı təmsil edən son xatirə kimi hələ də komandada yer alır.
Unudulmaz bir dövr geridə qalır. “Tiki-taka” futbolunun, Pep Qvardiolanın mirasının və "Barselona"nı zirvəyə daşıyan möhtəşəm kollektivin yavaş-yavaş futbol səhnəsindən "buxarlandığına" şahid oluruq.
Kamil Xudiyev