AZ

Həkim artrozun ilkin əlamətlərini açıqladı

Nevroloq Yekaterina Demyanovskaya bildirib ki, artroz xəstəliyi adətən qəfil ağrılarla başlamır, lakin onun ilkin əlamətləri çox vaxt diqqətdən kənarda qalır.

E-saglam.az xəbər verir ki, Gemotest laboratoriyasının mütəxəssisi “RIAMO”ya müsahibəsində qeyd edib ki, xəstəliyin erkən mərhələlərində oynaqlarda xırtıltı, hərəkət zamanı gərginlik hissi və hava şəraitinə qarşı həssaslıq müşahidə oluna bilər.

“İnsanlar çox zaman səhərlər yataqdan qalxdıqdan sonra oynaqlarda yaranan sərtliyə fikir vermirlər. İlk bir neçə dəqiqə ‘gəzmək’ ehtiyacı yaranır, lakin bunu ya yaşla, ya da yuxu pozası ilə əlaqələndirirlər,” – deyə həkim bildirib.

Demyanovskayanın sözlərinə görə, dözümlülüyün azalması da artrozun ilk siqnallarından biridir. Məsələn, əvvəl rahat olan piyada gəzinti və pilləkən qalxmaq kimi fəaliyyətlər birdən-birə çətinləşə bilər.

Bundan əlavə, gecə oynaqlarda yaranan zəif, lakin narahatedici ağrılar da artrozun xəbərçisi ola bilər. Bu ağrılar insanın rahat yatmasına mane olur və tez-tez bədən mövqeyini dəyişməyə məcbur edir.

“Artroz zamanı eşidilən xırtıltı, sanki qumun bir-birinə sürtünməsini xatırladır və oynaqlarda xoşagəlməz hisslərlə müşayiət olunur,” – deyə mütəxəssis əlavə edib.

Həkim xəbərdarlıq edib ki, bu əlamətlərə məhəl qoymaq düzgün deyil, çünki güclü ağrılar yarananda xəstəlik artıq ağır mərhələyə keçmiş olur və konservativ müalicə effekt vermir.

Demyanovskaya həmçinin qeyd edib ki, hava dəyişiklikləri, xüsusən yağışdan əvvəl təzyiqin və rütubətin enməsi, oynaqlarda ağrı, şişkinlik və spazmlara səbəb ola bilər. Bu, xüsusilə artrit və artrozdan əziyyət çəkən insanlarda daha çox hiss olunur.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
15
e-saglam.az

1Mənbələr