Bəzən gənclər ixtisaslarından fərqli sahələrdə çalışmaq məcburiyyətində qalırlar. Məsələn, iqtisadiyyat ixtisasını bitirən gənc satış, media və ya xidmət sahəsində işləməyə başlaya bilər. Bu, yalnız maddi ehtiyacla əlaqədar deyil. Düşünürəm ki, gənc həm yeni bacarıqlar qazanmaq, həm də fərqli təcrübə əldə etmək istəyir. Hər yeni iş sahəsi ona dünyanı daha geniş perspektivdən görmək, fərqli yanaşmalar öyrənmək imkanı verir. Bundan əlavə, gəncin fərdi maraqları və həyat tərzi də seçimə təsir edir. İnsan yalnız diplomla deyil, həm də bacarıqları, maraqları və yaradıcılığı ilə uğurlu ola bilər. Bəzən gənc ixtisasını sevməsinə baxmayaraq, daha maraqlı və ya perspektivli görünən sahələrə yönəlir. Təhsil və iş dünyası arasında uyğun körpü olmadıqda, gənclərin ixtisasdan uzaq sahələrdə işləməsi daha çox müşahidə olunur. Əsas məsələ gənclərin bacarıqlarını, maraqlarını və bazar tələblərini nəzərə alan bir iş-mühitinin yaradılmasıdır. Belə bir mühit həm gənclər üçün, həm də cəmiyyət üçün faydalı ola bilər. Hər yeni iş təcrübəsi gəncin dünyagörüşünü genişləndirir, fərqli bacarıqlar qazandırır və gələcəkdə daha çevik, yaradıcılıq yönümlü bir peşəkar olmasına şərait yaradır.
Bu mövzuda daha konkret və praktik tövsiyələri öyrənmək üçün karyera məsləhətçisi ilə söhbət apardıq. Mövzu ilə bağlı karyera məsləhətçisi İlkin Şərifov Olaylar.az-a açıqlama verib:
- Gənclərin ixtisasından uzaq sahələrdə işləməsi onların şəxsi seçimidir, yoxsa bazarın, sosial təzyiqin nəticəsi?
- Bu məsələyə birmənalı yanaşmaq hesab edirəm doğru olmazdı. Burada həm şəxsi, həm də sosial təzyiqlərini müşahidə edirik. Əgər bir cavab axtarışındayıqsa bunu ümumiləşdirib əmək bazarı və təhsil müəssisələrinin uyğunsuzluğunun nəticəsi kimi cavablaya bilərik. Qısaca: struktur belədir, bazarın tələbinə uyğun kadr hazırlığı yoxdursa, yaxud yetərsizdirsə, ixtisası üzrə işləməyən onlarla gənc görə bilərik. Bu cavabın özüdə problemi tam əhatə etmir əslində, bəzən bazara uyğun ixtisas mövcud olur amma kadr hazırlığı zəif aparılır, bəzən kadr özü seçim etmədiyi üçün, ailə üzvlərinin ya digər şəxslərin təzyiqi ilə seçim edir və hazırlığı zəif olur məcbur başqa sahəyə yönəlir. Yəni bu məsələyə kompleks yanaşmalıyıq. Burada həm əmək bazarı, həm ailə, həm sosial mühit və ən nəhayət təhsil müəssisəsi faktorları mövcuddur. İnternetdə axtarış etsək, 15-24 yaş qrupunda işsizlik 2024-cü ildə 15%-i keçmir. Bu, göstərici ilə biz gənclərin elə ilk "tapdığı işi" seçdiyini deməyə əsas verir. Ünsiyyətdə olduğumuz zamanda müşahidə edirik ki, iş axtarış planlarının hədəfi ixtisas üzrə deyil, iş olsun deyə olur adətən.
- Təhsildə əldə etdikləri biliklərin real iş mühitinə uyğun gəlməməsi nə qədər yayğındır və bu gəncləri hansı yollarla ixtisaslarından uzaqlaşdırır?
- Müşahidələrimiz göstərir ki, bir çox hallarda təhsil-əmək bazarı müstəvisində bacarıq uyğunsuzluğu əsas maneələrdən biri kimidir. Məzunların əldə etdiyi bilik və bacarıqlar vakansiyaların tələb etdiyi ilə tez-tez üst-üstə düşmür və bu əsasən rəqəmsal istiqamətlərdə daha çox özünü göstərir. Nəticə etibarilə gənclər ixtisas deyil, transfer oluna bilən bacarıqları (kompüter savadlılığı, ünsiyyət, satış, müştəri yönümlülük) tələb edən işlərə keçir. Əmək bazarında dəyişikliklər o qədər sürətlidir ki, təhsil müəssisələrin bu sürətə çata bilməməsi başa düşüləndir. Amma hesab edirən ən azı buna cəhd etməlidirlər - bəzi halalrda biz bu cəhdləridə görə bilmirik.
- İş axtaran gənclərin ixtisasından kənar sahəyə keçməsi gələcək karyera planlarına necə təsir göstərir?
- Qısa müddətdə gəlir əldə etməyə imkan verən, lakin iki risk yaradan addımdır. Beləki ixtisası üzrə işləməyən gənclərdə peşə identikliyinin zəifləməsi prosesi başlayır. Yeni məzun 12-24 ayda ixtisassız istiqamətdə çalışarsa daha sonra ixtisası üzrə işlərə müraciəti zamanı bilik və bacarıqları ilə bağlı əlavə sübutları təqdim etməsi (portfel, sertifikat, layihə) tələb olunur. Bililə paralel ixtisası üzrə tələb olunascaq bacarıqlarının erozyası prosesi baş verir. İxtisasla bağlı texniki bacarıqlar istifadə edilmədikcə köhnəlir.
- İxtisasını buraxıb başqa sahədə işləyən gənclərdə motivasiya və yaradıcılıq səviyyəsi necə dəyişir?
- İxtisasdan uzaq rollara uzunmüddətli "sürüşmə" motivasiya və mənəvi məmnuniyyəti aşağı sala bilər. Buna baxmayaraq, müştəri əlaqəsi, satış, əməliyyat kimi rollar "yumşaq bacarıqları" (kommunikasiya, təşəbbüs, problem həlli) sürətlə artırır və bu, sonradan ixtisasa dönüşdə yaradıcılıq kapitalı yaradır. Motivasiya düşüşünü kompensasiya edən faktorları belə qeyd edə bilərik : məqsədli yüksəliş planı, ustadlıq (mentor) və ixtisasla əlaqəli yan layihələr. Motivasiya elə bir mövzudur ki, individual təhlil və istiqamətləndirmə tələb edir, odur ki oxuculara tövsiyə edirəm internet resursları vasitəsi ilə özlərini analiz edib yaradıcılıq imkanlarını genişləndirsinlər.
- Son olaraq bu mövzu da gənclərə məsləhətiniz nədir?
- İlk olaraq onu deyə bilərəm ki, ixtisasınız üzrə iş tapa bilmirsinizsə, oxuduğunuz ixtisasa funksional cəhətdən yaxın ilk işə yönəlin məsələn: kimya → laboratoriya texni. 3-6 aylıq müddətdə olan müxtəlif təcrübə proqramları taparaq öz bacarığınızı sübut edin. Özünüzə sərmayə etməkdən çəkinməyin, ola bilər ki, maddi resurslarınız məhdud olsun, lakin internetdə kifayət qədər ödənişsiz resurslar tapa bilərsiniz. Şəxsi imicinizi mütləq formalaşdırın, bu sizin gələcəyiniz üçün çox əhəmiyətlidir. Karyeranız boyunca çalışın hər zaman özünüzə mentorlar müəyyən edib tövsiyələr alasız.
Nəticə olaraq, gənclərin ixtisasından uzaq sahələrdə işləməsi həm şəxsi seçim, həm də bazarın və sosial mühitin nəticəsidir. Universitet dövründə formalaşan ideallar və arzular gənci müəyyən istiqamətə yönəldir, lakin iş dünyasında qarşıya çıxan reallıqlar - məhdud imkanlar, bazar tələbləri və fərdi maraqlar onu yeni yollar axtarmağa vadar edir. Karyera Məsləhətçisi İlkin Şərifov da bildirir ki, əmək bazarında uyğun kadr hazırlığı olmadıqda və ya gənc lazım olan təlimi almamışsa, ixtisasdan kənar işlərə yönəlir. Bu isə, qısa müddətdə gəlir təmin etsə də, peşə identikliyinin zəifləməsi və texniki bacarıqların köhnəlməsi riskini doğurur. Buna baxmayaraq, hər yeni iş təcrübəsi gəncin fərdi bacarıqlarını, ünsiyyət və problem həlli qabiliyyətini artırır.
Əsas olan gəncin məqsədli plan qurması, funksional yaxın sahələrdə təcrübə toplaması və şəxsi inkişafına sərmayə qoymasıdır. Mentor dəstəyi, portfel və sertifikatlarla bacarıqların sübut edilməsi, həmçinin bazar tələblərinə uyğunlaşmaq gəncin ixtisasına dönüşünü daha əlçatan edir. Beləliklə, ixtisasdan kənar işlər həm risk, həm də fürsət ola bilər. Vacib olan, gəncin hər addımı şüurlu şəkildə planlaması və peşəkar inkişaf yolunda strateji hərəkət etməsidir.
Zeynəb Mustafazadə