Musavat.com xəbər verir ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryan 2026-cı ildə keçiriləcək parlament seçkilərində öz siyasi qüvvəsi ilə iştirak edəcəyini bəyan edib.
Bu açıqlamanı o, İrəvanda keçirdiyi mətbuat konfransında verib. Koçaryan bildirib ki, onun rəhbərlik etdiyi partiya seçkiyə qatılacaq və “siyasi güc varsa, lideri də onunla birgə iştirak edir”:
“Əgər kimsə məndən daha çox səs toplaya biləcək potensiala malikdirsə, buna ancaq sevinərəm. Amma indiki sorğular əksini göstərir,” – deyə o qeyd edib.
Mətbuat konfransında çıxış edən Koçaryan Paşinyan hökumətinin Qərb yönümlü siyasətini və Avropa İttifaqına inteqrasiya kursunu sərt tənqid edib. Onun sözlərinə görə, Ermənistanın Aİ-yə üzvlüyü barədə hökumətin addımları “sadəcə imitasiya və daxili auditoriyaya hesablanmış görüntüdür”:
“Aİ-yə üzvlük üçün konkret prosedurlar var, onları Avropa Komissiyasının saytında görmək olar. Hökumətin atdığı addımlarda nə bu ardıcıllıq var, nə də məntiq. Xarici işlər nazirliyində yaradılan yeni ‘Avropa inteqrasiyası departamenti’ də imitasiya xarakteri daşıyır,” – deyə Koçaryan bildirib.
Eks-prezident həmçinin seçkilərin nəticələrinin saxtalaşdırılması halında Ermənistanda yeni inqilab baş verə biləcəyini xəbərdarlıq edib:
“Hökumət anlamalıdır ki, səsvermənin saxtalaşdırılması istənilən anda xalq qəzəbinə səbəb ola bilər. Moldovadakı kimi xaricdəki səslərlə qələbə qazanmaq burada mümkün deyil. Ermənistanda seçkiyə müdaxilə cəhdləri ölkəni yeni qarşıdurmaya sürükləyəcək.”
Siyasi müşahidəçilər qeyd edirlər ki, Koçaryanın son çıxışları Rusiyayönlü düşərgənin yenidən fəallaşmasının göstəricisidir. O, Vladimir Putinlə şəxsi dostluğu və Moskva ilə yaxın münasibətləri ilə tanınır. Koçaryanın məqsədi Paşinyan hökumətini zəiflətmək, həm də Rusiya ilə İrəvan arasında pozulan əlaqələri bərpa etməklə özünə siyasi reytinq qazanmaqdır.
İrəvanda keçirilən mətbuat konfransında Koçaryanın çıxışları zamanı zalda izdiham müşahidə olunub, onun populist bəyanatları alqışlarla qarşılanıb.
Ekspertlər hesab edirlər ki, 2026-cı il seçkiləri Paşinyan və Koçaryan arasında ideoloji toqquşma səviyyəsinə qalxa bilər – biri Qərbə, digəri isə Kremlə yaxın siyasəti təmsil edir.
Musavat.com