BAKI, 10 oktyabr. TELEQRAF
Bakının Sabunçu rayonunda 1999-cu il təvəllüdlü Sərxan tanışı Əfsanəni (adlar şərti verilib – red.) intim görüntüləri ilə şantaj edib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, o, “Tik-tok" sosial şəbəkəsində tanış olduğu Əfsanə ilə bu il fevralın 15-də saat 13 radələrində “Bakı” otelində birlikdə vaxt keçirib. Bu zaman mobil telefonla gizli olaraq qızın yarı-çılpaq vəziyyətdə videosunu çəkib.
Ertəsi gün saat 9 radələrində qadınla əlaqə yaradıb, cinsi əlaqədə olduqları barədə yaxın qohumlarına məlumat verəcəyini, çəkdiyi videonu onlara göndərəcəyini, onu biabır edəcəyini bildirib. Hədə-qorxu ilə ondan 700 manat pul tələb edib. Zərərçəkmiş şəxs onun kart hesabına 165 manat pul köçürüb.
“O, çaxır gətirdi, mən ərzaq aldım”
İstintaq orqanı tərəfindən Sərxanın barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Əfsanə ilə yanvarın 27-də "Tik Tok" sosial səbəkəsində tanış olub: “Əfsanənin mobil nömrəsini aldım, danışmağa başladıq. Münasibətlərimiz yaxşılaşdı, görüşmək qərarına gəldik. Fevralın 15-də “Koroğlu” metrostansiyasının yaxınlığında görüşdük.
Nəsimi rayonundakı “Bakı” adlı otelə getdik. Əfsanə özü ilə çaxır gətirmişdi. Mən də aşağıda marketlərdən birindən yemək-içmək üçün ərzaq götürdüm. Təqribən saat 11-12 radələrində həmin otelin otaqlarından birinə keçdik. Aramızda cinsi münasibət oldu”.
“Hesabındakı pulu götürdüm”
Təqsirləndirilən şəxs qeyd edib ki, oteldə Əfsanə özü ilə gətirdiyi çaxırdan içib: “Mən spirtli içki içmədim. Əfsanə bir az meyxoş oldu. Yan-yana oturanda o, öz mobil telefonunun ekran kilidini açdı. Onun ekran kilidi kimi qoyduğu simvolu görüb yadımda saxladım.
Otaqda mobil telefon vasitəsilə Əfsanənin yarıçılpaq vəziyyətdə videolarını çəkdim və telefonumda saxladım. Bir qədər sonra o, mürgülədi. Onun mobil telefonunun ekran kilidini açdım. Telefonda olan "Birbank" mobil tətbiqinə girdim və hesabına daxil oldum. Əfsanənin hesabında 82 manat pul olduğunu gördüm, pulun hamısını öz istifadəmdə olan hesaba köçürdüm.
Əfsanə əlimdə telefonu gördükdə nə etdiyimi soruşdu. Mən isə saata baxdığımı dedim. Bir qədər sonra Əfsanə hamama girdi. Stolun üstündə olan pulqabısının içinə baxdım və “Fermer” adlı kartı götürərək cibimə qoydum. Biz təqribən saat 18-dək birlikdə vaxt keçirdik.
Daha sonra birlikdə oteldən çıxdıq. Əfsanə "Koroğlu"dan taksi vasitəsilə Zabrat istiqamətində getdi. Mən isə ondan xəbərsiz götürdüyüm kartından pul çəkmək məqsədi ilə "Koroğlu" metrostansiyasının yaxınlığında keçidə daxil oldum. Kartı orada olan bankomata daxil edib, orada olan 69 manat pulun hamısını götürdüm”.
“Videonu silməyimi tələb etdi”
Sərxanın sözlərinə görə, daha sonra yaşadığı Yeni Günəşli qəsəbəsindəki evə gedib: “Gecə Əfsanə vatsapdan mesaj yazdı və bank kartından pulun başqa karta köçürüldüyünü bildirdi, qəbzin şəkilini mənə göndərdi. Bildirdi ki, pul fevralın 15-də saat 16:22-də köçürülüb, həmin vaxt isə mənimlə birlikdə, telefonu isə yalnız məndə olub.
Onu qabaqlamaq üçün yalandan görüşdüyümüz zaman 700 manat pulumun olduğunu və həmin pulu tapa bilmədiyimi, onun oğurluq etməsindən şübhələndiyimi söylədim. Əfsanə bunu qəbul etməsə də, bu iddialara davam etdim, pulu ondan tələb etməyə başladım. Bildirdim ki, pulu verməsə, onun oteldə çəkdiyim videosunu qızına və oğluna göndərə bilərəm.
O, məndə video olmasına inanmadı. Videonu ona vatsapda birdəfəlik baxıla biləcək formatda göndərdim. Əfsanə həqiqətən də video olduğunu bildi, ailə üzvlərinə bu barədə heç nə deməməyimi xahiş etdi. Mən isə əvəzində 700 manat verməli olduğunu bildirdim.
Əfsanə kartından oğurlanan 82 manatı da mənə bağışladığını söylədi, videonu silməyimi tələb etdi. Mən isə dediyim pulu göndərdikdən sonra videonu siləcəyimi bildirdim. Hesab nömrəmi ona dedim. Qorxuya düşən Əfsanə yalnız 170 manat göndərə biləcəyini dedi”.
“Cinsi xəstəliyə yoluxduğumu bildirdim”
Sərxan qeyd edib ki, Əfsanə fevralın 16-da onun hesabına 165 manat göndərib: “Pulu göndərdikdən sonra onunla bir qədər xoş danışmağa başladım. Əfsanə videonu silməyimi istədi. Mən yalandan sildiyimi bildirdim.
Bir neçə gün sonra cinsi xəstəliyə yoluxduğumu gördüm və tanışlarımdan müalicə ilə bağlı maraqlandım. Müalicəmin 500 manata başa gələcəyini öyrəndim. Müalicə üçün pulum olmadığından məcbur qalaraq fevralın 22-də Əfsanəyə yazdım. Onunla cinsi əlaqədən sonra xəstəliyə yoluxduğumu və müalicəmə 500 manat lazım olduğunu bildirdim. Əfsanə hazırda pulunun olmadığın, pul taparaq verəcəyini söylədi”.
Sərxanın ifadəsinə görə, növbəti günlərdə Əfsanədən müalicə ilə bağlı pul istəyib: “Fevralın 27-də Əfsanədən müalicəsi üçün pulu yenidən istədim. O, pulu mənə yalnız əlbəəl verə biləcəyini bildirdi. Görüş üçün Suraxanı rayonunda yerləşən “Ballı” marketin qabağına gəlməyi təklif etdi.
Günorta saatlarında Əfsanə ilə görüşmək üçün marketin qarşısına çıxdıqda polis əməkdaşları tərəfindən saxlanıldım və Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə gətirildim. Burada telefonuma baxış keçirildi, içərisində video və şəkillər olan mobil telefonu maddi sübut kimi götürüldü. Eyni zamanda zərərçəkmiş şəxsə məxsus “Fermer” kartını da araşdırmaya təqdim etdim”.
“Etibarlı biri kimi təqdim etdi”
İş üzrə zərərçəkmiş Əfsanə təqsirləndirilən şəxslə “Tik-tok” sosial şəbəkəsi vasitəsilə tanış olduqlarını təsdiq edib: “Zaman keçdikcə münasibətlərimiz yaxınlaşdı. Sərxan özünü müsbət xüsusiyyətlərə malik, etibarlı biri kimi təqdim etdi. Nəticədə görüşmək razılığına gəldik.
Fevralın 15-də otelə getdik, 2-3 saat oarada qaldıq. Həmin vaxt içkili olmuşam. Görüş zamanı zəngə cavab verərkən, telefonumun giriş şifrəsini Sərxan götürüb. Bundan istifadə edərək, bank kartımda olan vəsaitləri çıxarıb”.
Əfsanə daha sonra ifadəsində bank kartlarından pulun oğurlanmasından, Sərxandan şübhələndiyini deyib: “Bundan sonra şantaja məruz qaldım. Hamamdan çıxan zaman videoya çəkildiyimi öyrəndim.
Təqsirləndirilən şəxs guya məndən ona zöhrəvi xəstəlik keçdiyini, həkimə getdiyini və müalicə üçün maddi vəsaitə ehtiyacı olduğunu bildirdi, 165 manat tələb etdi. Şantaj məqsədilə yazılan mesajlar bir neçə gün ərzində, daha sonra isə təxminən bir ay fasilələrlə davam etdi. Mesajlarda “videolarını uşaqlarına göndərəcəyəm” kimi ifadələrdən istifadə olunurdu.
Mən qadın xəstəlikləri üzrə həkimə müraciət etdim. Məndə yoluxucu və ciddi xəstəlik olmadığı müəyyən edildi. Mən davam edən təhdidlər və şəxsi həyatıma müdaxilə səbəbilə hüquq-mühafizə orqanlarına müraciət etdim”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 3 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.