Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Vladimir Putin və İlham Əliyev arasında keçirilən görüşü şərh edərkən növbəti dəfə təxribat xarakterli fikirlər səsləndirib.
Musavat.com xəbər verir ki, o, bir çox məsələlərə birtərəfli yanaşıb, Azərbaycanın müstəqil siyasətini kölgələməyə çalışıb.
Zatulin görüşü “vacib və müsbət addım” adlandırsa da, dərhal ardınca “illüziya yaratmaq olmaz, tamhüquqlu ittifaqdan söhbət getmir” deməklə münasibətlərin dərinləşməsini şübhə altına alıb.
O, Rusiyanın Azərbaycanla əlaqələrinə barışıq deyil, şübhə prizmasından yanaşaraq, reallığı “bəzəməmək” çağırışında bulunub.
Deputat həmçinin Azərbaycanın regional mövqeyini təhrif edərək, Bakının guya “Türkiyənin kiçik tərəfdaşı” rolunda olduğunu iddia edib. Onun sözlərinə görə, “Azərbaycan Cənubi Qafqazda məqsədlərinə çatıb və indi Türkiyənin ideyalarını Türk Dövlətləri Təşkilatında irəli aparan kiçik tərəfdaş rolunu oynayır".
Bu fikir açıq şəkildə Azərbaycanın müstəqil siyasətinə qarşı yönəlmiş və Türkiyə-Azərbaycan birliyini hədəf alan yanaşmadır.
Zatulin İlham Əliyevin “Azərbaycan və Türkiyə il ərzində 25 birgə təlim keçirdi” bəyanatına da toxunaraq bunu “Ankara ilə birləşmə xətti” kimi qələmə verib. Deputat bu yolla Azərbaycan-Türkiyə hərbi əməkdaşlığını mənfi çalarda təqdim etməyə çalışıb.
O, eyni zamanda bildirib ki, “Moskva Azərbaycanla münasibətlərdə nəyə güvənə biləcəyini, nəyə yox, anlamalıdır".
Bu fikir də onun dostluq pərdəsi altında təzyiq ritorikasından istifadə etdiyini göstərir.
Zatulin “normallaşma əməldə olmalıdır” deyərək, “Rus evinin bağlanması, jurnalistlərə və ruslara qarşı təqiblər dayandırılmalıdır” tələbi ilə çıxış edib. Bu cür iddialar isə reallıqla uzlaşmır və Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilir.
Sonda deputat “İqtisadi əməkdaşlıqla hərbi-siyasi məsələləri qarışdırmaq olmaz” deyə vurğulayıb və “bu mərhələdə Moskva və Bakının maraqları ayrılır” fikrini səsləndirib.
Zatulinin bu açıqlamaları bir daha göstərir ki, o, Azərbaycan-Rusiya münasibətlərinə obyektiv deyil, müxtəlif dairələrin təsiri ilə yanaşır. Onun ritorikası normallaşma prosesinə zərbə vurmaq və ictimai rəyi çaşdırmaq məqsədi daşıyır.
Musavat.com