AZ

Avropa Azərbaycandan məmnundur - Orta Dəhliz Avrasiyanın yeni ticarət arteriyasına çevrilir...


Müasir dövrdə qlobal ticarətin əsas istiqamətlərindən biri kimi formalaşan Orta Dəhliz və ya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Avrasiya məkanında strateji əhəmiyyət daşıyan layihələrdən biridir. Çin, Mərkəzi Asiya ölkələri, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya qədər uzanan bu nəqliyyat xətti, Qərb və Şərq arasında alternativ ticarət marşrutu kimi çıxış edir.

Burada Azərbaycan faktoru həm coğrafi mövqe, həm də iqtisadi, siyasi və texnoloji potensial baxımından həlledici əhəmiyyət kəsb edir.

Azərbaycanın yerləşdiyi coğrafi mövqe Orta Dəhlizin əsas üstünlüklərindən biridir. Xəzər dənizinin qərb sahilində yerləşən Bakı həm Asiya ilə Avropa arasında, həm də Şimal–Cənub və Şərq–Qərb istiqamətlərinin kəsişməsində strateji nəqliyyat mərkəzi kimi çıxış edir. Bu coğrafi mövqe Azərbaycanın regiondakı rolunu təkcə tranzit ölkə səviyyəsindən çıxarıb, onu regional logistik liderə çevirib. Bakı–Tiflis–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Alat Azad İqtisadi Zonası Orta Dəhlizin səmərəli fəaliyyətini təmin edən əsas infrastruktur dayaqlarıdır. Xəzər üzərindən Bakı–Aktau və Bakı–Türkmənbaşı istiqamətində fəaliyyət göstərən bərələr və terminallar isə dəhlizin fasiləsiz işləməsini mümkün edir. Bütün bunlar Avropada Azərbaycana diqqətin daha da artmasını şərtləndirir. Həm də geosiyasi dəyişikliklər və ticarət yollarının diversifikasiyası səyləri fonunda Orta Dəhliz Rusiya ərazisindən keçən ənənəvi marşrutlara real alternativ kimi getdikcə daha çox diqqət mərkəzinə çevrilir. Marşrutun əsas qovşaqlarından biri Qara dənizin ən iri limanı olan Konstansa limanıdır. O, Avrasiya logistikasında dəniz və çay daşımalarının inteqrasiyasında mühüm rol oynayır.Multimodal daşımaların qarşısında duran çağırışlar və imkanlar, rəqəmsallaşma və beynəlxalq əməkdaşlıq məsələləri barədə nəqliyyat və logistika üzrə ekspert, Dunay və Qara dəniz regionlarında çay və dəniz nəqliyyatının inkişafında fəal iştirak edən, logistik xidmətlər göstərən “Delta Shipping Agency” şirkətinin koordinatoru Sabrina Valkov Rumıniyaya məxsus bu limanla bağlı qeyd edir: “Konstansa limanı Qara dənizdə yerləşən ən iri limandır və bütün region üçün əsas dəniz-logistika qovşağı hesab olunur. Əlverişli coğrafi mövqeyi və inkişaf etmiş infrastrukturu sayəsində beynəlxalq ticarətdə strateji rol oynayır. Bu liman vasitəsilə yükdaşımaların əsas xüsusiyyətlərindən biri onun dərinsulu terminalları sayəsində iritonnajlı gəmiləri qəbul etmək qabiliyyətidir. Bu, konteyner daşımaları, toplu yüklər, neft məhsulları, habelə irihəcmli və layihə tipli yüklər də daxil olmaqla, müxtəlif kateqoriyaların emalını mümkün edir. Ticarət axınları baxımından liman həm idxal, həm də ixrac istiqamətlərində mühüm mərkəz rolunu oynayır. İdxal olunan yüklərə əsasən maşınqayırma məhsulları, istehlak malları, enerji resursları və müxtəlif xammal növləri daxildir. Bu yüklər əsasən Asiya, Yaxın Şərq və digər regionlardan gəlir, hansı ki, qlobal istehsal və ticarət zəncirlərində mühüm rol oynayır. İxrac axınları isə əsasən Avropa İttifaqı, Türkiyə və Asiya ölkələrinin bazarlarına yönəlir. Buraya kənd təsərrüfatı məhsulları, mineral və kimyəvi gübrələr, həmçinin sənaye məhsulları və istehsal avadanlıqları daxildir.

Konstansa limanı dəniz və çay yollarının kəsişməsində yerləşdiyindən Dunay çayı vasitəsilə Qara dəniz regionunu Avropanın daxili su yolları ilə birləşdirir. Bu isə limanı Mərkəzi və Şərqi Avropaya birbaşa çıxış imkanı yaradan strateji tranzit və multimodal logistika qovşağına çevirir”. Onun sözlərinə görə,

Orta Dəhliz sabit və rəqabətədavamlı alternativ nəqliyyat marşrutu kimi əhəmiyyətli potensiala malikdir: “O, yalnız nəqliyyat imkanlarını şaxələndirmir, həm də yükgöndərənlər üçün geosiyasi riskləri azaldır. “Delta Shipping Agency” olaraq biz artıq Xəzər dənizindən keçən, Azərbaycan və Gürcüstan vasitəsilə Qara dənizlə, o cümlədən Konstansa limanı ilə birləşən marşrutlara artan maraq müşahidə edirik. Hələlik daşımaların həcmi inkişaf mərhələsindədir, lakin tendensiya müsbətdir. İnfrastrukturun təkmilləşdirilməsi və marşrut boyunca koordinasiyanın güclənməsi ilə bu istiqamətdə tələbatın artacağı gözlənilir. Konstansa limanı Avropa İttifaqı ilə Xəzər regionu arasında təbii logistik körpü rolunu oynayır. O, Avropa nəqliyyat şəbəkəsinə yaxşı inteqrasiya olunub və birbaşa dəniz, həmçinin daxili su əlaqələrinə malikdir. Aİ-nin strategiyası çərçivəsində Konstansa limanı Qara dənizdə etibarlı və səmərəli logistik qapı funksiyasını yerinə yetirir. O, tədarük zəncirlərinin şaxələndirilməsinə, Avropa logistikasının dayanıqlılığının gücləndirilməsinə və Orta Dəhliz vasitəsilə Avrasiya regionuna çıxışın təmin olunmasına xidmət edir. Bunlar fonunda Azərbaycan son illərdə nəqliyyat infrastrukturunun modernləşdirilməsinə – limanların, dəmir yollarının və logistika mərkəzlərinin inkişafına əhəmiyyətli investisiyalar yatırıb. Məsələn, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı müasir və yüksək texnologiyalı kompleksə çevrilərək, Trans-Xəzər yük axınlarının effektiv idarə edilməsini təmin edir. Qara dəniz limanları ilə inteqrasiya, o cümlədən Konstansa limanı ilə əlaqələr, hələ inkişaf mərhələsində olsa da, bu sahədə stabil irəliləyiş müşahidə olunur. Dəmir yolu-dəniz əlaqələrinin gücləndirilməsi və prosedurların unifikasiyası bu istiqamətin tranzit potensialının tam reallaşdırılmasına imkan verəcək... Rumıniyanın logistika şirkətləri və ixracatçıları da Azərbaycanı strateji tranzit tərəfdaşı kimi qəbul etməyə başlayıblar. Bu, tamamilə dəniz nəqliyyatına əsaslanan marşrutlarla müqayisədə yükdaşıma müddətinin qısaldılmasına imkan verir və xərclərin optimallaşdırılması baxımından da üstünlük yaradır”. Burada onu da qeyd edək ki, Orta Dəhlizin uğurlu fəaliyyəti üçün ən vacib şərtlərdən biri siyasi sabitlik və etibarlı tərəfdaşlıq mühitidir. Bu baxımdan Azərbaycan regionda sabitliyi və etibarlılığı ilə seçilir. Ölkənin daxili sabitliyi, müstəqil xarici siyasəti və çoxvektorlu diplomatik əlaqələri Orta Dəhlizin davamlılığını təmin edən əsas amillərdəndir. Azərbaycan nəinki öz ərazisindən keçən dəhlizin təhlükəsizliyinə təminat verir, həm də regionda sülh və əməkdaşlıq mühitinin qorunması üçün aktiv diplomatik rol oynayır. Bundan əlavə, Azərbaycan tranzit proseslərini rəqəmsallaşdırmaqla, gömrük və logistika sistemlərini beynəlxalq standartlara uyğunlaşdırmaqla yükdaşıma vaxtını və xərclərini azaldıb. Bu da dəhlizdən istifadə edən ölkələr üçün iqtisadi cəhətdən cəlbedici şərait yaradır. Orta Dəhliz yalnız regional deyil, həm də qlobal səviyyədə maraq doğurur. Avropa İttifaqı bu marşrutu enerji və ticarət təhlükəsizliyinin mühüm elementi hesab edir. Çin isə “Bir Kəmər, Bir Yol” təşəbbüsünün uğuru üçün Orta Dəhlizdən səmərəli istifadə etməyə çalışır. Hər iki istiqamətdə Azərbaycan əsas tranzit qapısı rolunu oynayır. Bakı Avropa ilə Asiya arasında körpü kimi çıxış edərək müxtəlif maraqları balanslaşdırır və eyni zamanda öz iqtisadi maraqlarını qoruyur. Bu, Azərbaycanın çoxvektorlu siyasətinin və diplomatik çevikliyin bariz nümunəsidir. Azərbaycanın uzaqgörən siyasəti, güclü infrastrukturu və beynəlxalq etibarı sayəsində Orta Dəhliz Avrasiyanın yeni ticarət arteriyasına çevrilib. Gələcəkdə bu layihənin daha da genişlənməsi və rəqəmsallaşdırılması prosesində də Azərbaycan faktoru əsas istiqamətverici qüvvə olaraq qalacaq.

RAMİL QULİYEV

Seçilən
7
baki-xeber.com

1Mənbələr