AZ

Baramaçılıq üzrə Dövlət proqramı uğursuz icra edildi...


Firdovsi Şahbazov: “Burada əsas problem istehsalçının baramanı sərfəli qiymətə sata bilməməsidir”

Azərbaycanda barama istehsalı kəskin azalıb. Təkcə bu il azalma 20 faiz olub. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) aylıq hesabatında bildirilir.

Halbuki, baramaçılıqda müşahidə edilən belə geriləmə qarşıya qoyulan prioritetlərlə üst-üstə düşmür. 2015-ci ildə dünyada neftin qiyməti kəskin ucuzlaşanda hökumətin məqsədlərindən biri də baramaçılığı inkişaf etdirmək idi. Hələ 2017-ci ilin noyabrında "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" qəbul edilib. Proqramda baramaçılığın, ipəkçiliyin inkişaf etdirilməsi, bu sahədə ixrac potensialının artırılması və kənd əhalisinin məşğulluğunun təmin olunması məqsədi güdülürdü. Ancaq 2018-ci ildə 514 ton barama istehsal edildiyi halda, bu il heç barama istehsalı 200 tona çatmayıb. Nədir bunun kökündə dayanan problem?

“Aprel-may aylarında hava şəraitinin qeyri-sabit, soyuq və yağışlı keçməsi istehsala mənfi təsir edir”

İqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov “Bakı-Xəbər”ə açıqlamasında barama istehsalının azalmasını iki əsas səbəblə əlaqələndirdi: “Məsələ ondadır ki, baramaçılıq kənd təsərrüfatında spesifik sahədir. Çünki baramanın məhsuldarlığına müxtəlif amillər təsir edir. Baramanı istehsal etmək, becərməklə onun biznesi ilə məşğul olmaq bir-birindən tamamilə fərqlənir. Azərbaycanda fermerlər baramanın becərilməsi, saxlanılması ilə məşğul olurlar, amma onun biznesi ilə özləri məşğul ola bilmirlər. Barama becərən fermerlərin hamısı mərkəzləşdirilmiş qaydada bir neçə məntəqəyə məhsulu təhvil verməklə işini bitmiş hesab edir. Ancaq burada əsas problem istehsalçının baramanı sərfəli qiymətə sata bilməməsidir. Bizdə barama istehsalçılarının seçim imkanı yox səviyyəsindədir. Problem ondadır ki, ölkədə barama alışını bir neçə şirkət həyata keçirir. Onlar da baramanı razılaşdırılmış qiymətə alırlar, yüksək qiymətə satırlar. Halbuki, onların arasında rəqabət olsa, istehsalçıdan məhsulu münasib qiymətə alsalar, barama istehsalı artar. Necə deyərlər, fermerlərə demək olar mənfəət elə də qalmadığı üçün onlara baramaçılıqla məşğul olmaq artıq sərfəli deyil. Ona görə də baramanın qəbulu, biznesi ilə məşğul olan şirkətlərin sayı çoxalmalıdır ki, onların arasında rəqabət olsun. İstehsalın azalmasının digər səbəbi mövsümi amillərlə bağlıdır. Son illər, xüsusən aprel-may aylarında hava şəraitinin qeyri-sabit, soyuq və yağışlı keçməsi kümxanalarda temperatur və rütubətin nizamlanmasında da ciddi çətinliklər yaradıb. Qurdların islanmış, soyuq yarpaqlarla yemləndirilməsi əksər rayonlarda ipəkqurdlarının axırıncı yaş dövründə xəstələnərək tələf olmasına və məhsuldarlığın kəskin azalmasına səbəb olub. Ona görə də barama istehsalı azalır”.

Vidadi ORDAHALLI

Seçilən
1
baki-xeber.com

1Mənbələr