Tural İsmayılov: “...Müəyyən dairələr Ankaranın yüksələn rolunu formal sənədlərdə kölgədə saxlamağa çalışır”
HƏMAS hərəkatı ilə İsrail arasında əldə olunan razılaşma çərçivəsində 2 minə yaxın fələstinli məhbus İsrail həbsxanalarından azad ediləcək. Onlardan 250-si ömürlük həbs cəzasına məhkum olunanlardır.
MAAN informasiya agentliyi HƏMAS rəhbərliyinin sözçüsünə istinadla bildirir ki, sazişin birinci mərhələsində 20 girovdan ibarət bir qrup azad ediləcək. Bunun müqabilində İsrail hakimiyyəti 250-si ömürlük həbs cəzası çəkən 2000-dən çox fələstinli məhbusu azadlığa buraxacaq. HƏMAS sözçüsü əlavə edib ki, azad olunacaq fələstinlilər qrupuna 2023-cü ilin oktyabrında Qəzza müharibəsi başlayandan sonra həbsdə olan 1700 nəfər daxildir.
Bundan başqa, HƏMAS İsrail ordusunun Qəzza sektorunda atəşkəs rejimini pozmayacağına və hərbi əməliyyatlara yenidən başlamayacağına dair beynəlxalq vasitəçilərdən zəmanət aldığını bəyan edib. "Reuters" HƏMAS-a yaxın mənbəyə istinadən bildirir ki, zəmanət ABŞ, Qətər və Misir nümayəndələrinin iştirakı ilə aparılan danışıqlardan sonra verilib.
HƏMAS nümayəndəsinin sözlərinə görə, bu, atəşkəs sazişinin icrasının əsas şərtlərindən biridir və tərəflər arasında etimadın formalaşmasına xidmət edir.
Qeyd edək ki, bir müddət öncə HƏMAS hərəkatı ilə İsrail arasında ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə sülh planının birinci mərhələsinə dair razılıq əldə olunub.
Atəşkəsin pozulmayacağına zəmanət verən ölkələr sırasında Türkiyənin adı yoxdur. Maraqlıdır, niyə yoxdur? Səbəb nə ola bilər?
“Əsl güc sənədlərdə adının yazılması deyil, masada sözünün keçməsidir, bu baxımdan Türkiyənin sözü keçir”
Siyasi ekspert Tural İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, Türkiyənin adı atəşkəsə zəmanət verən ölkələr sırasında yer almasa da, bu, onun bölgədəki təsirini azaltmır, əksinə, reallığın diplomatik çalarlarını üzə çıxarır: “Ankara bu gün təkcə regionda deyil, beynəlxalq miqyasda da prosesləri formalaşdıran oyunçudur. Türkiyə hərbi gücünü, siyasi nüfuzunu və diplomatik çevikliyini balanslı şəkildə birləşdirə bilir. Adının siyahıda olmaması bəzən qəsdən aparılan siyasi çəkilərin nəticəsidir, çünki müəyyən dairələr Ankaranın yüksələn rolunu formal sənədlərdə kölgədə saxlamağa çalışır”. T.İsmayılovun fikrincə, ancaq Türkiyə nə “zəmanətçi ölkə” titulu ilə, nə də beynəlxalq bəyannamələrlə öz mövqeyini ölçür:“O, hadisələrin içindədir, prosesi kənardan deyil, birbaşa yönləndirən mərkəzlərdən biridir. Əsl güc sənədlərdə adının yazılması deyil, masada sözünün keçməsidir, bu baxımdan Türkiyənin sözü keçir. Bölgədə sabitliyin, təhlükəsizliyin və sülhün qorunması üçün ən çox əməli addım atan məhz Türkiyədir.
Zəmanətçi kimi görünmək istəməmək də bir siyasətdir – məsuliyyət yükünü deyil, təsir gücünü seçmək. Türkiyə balans saxlayır, həm Qərb, həm də Şərq paytaxtları ilə dialoqda qalır, amma hər zaman milli maraqlarını önə çəkir. Bu gün Qafqazda, Orta Şərqdə və Mavi Vətən doktrinası çərçivəsində Aralıq dənizində Türkiyənin hərbi və diplomatik nəfəsi hiss olunur.
Belə olan halda, siyahıda adının yazılmaması onun görünmədiyi anlamına gəlmir – bəzən ən real zəmanətçi heç imzası olmayan dövlətdir. Türkiyə artıq “icazə alan” deyil, “prosesə istiqamət verən” dövlətdir. Bu, sadəcə diplomatik balans deyil – tarixi gücün, siyasi iradənin və yeni türk əsrinin göstəricisidir”.
İradə SARIYEVA