Ailədaxili mülkiyyət məsələləri bəzən ən gözlənilməz anlarda suallar doğurur. Tutaq ki, bir şəxs atasına evi bağışlayır. Mülk artıq atanın adına keçirilir, amma həmin vaxt ata evlidir. İllər sonra o evi satmaq istəyir. Burada vəziyyət bir qədər qarışır. Bu mülk şəxsi əmlak sayılır, yoxsa ailənin birgə mülkiyyətinə çevrilir? Əgər birgə əmlak hesab olunursa, bu halda atanın həyat yoldaşının da razılığı tələb olunurmu? Bu mülkdən həyat yoldaşına pay düşürmü?
Məsələ ilə bağlı hüquqşunas Anar Qasımlı Avtosfer.az saytına açıqlamasında bildirib ki, əgər mülk bağışlanma yolu ilə bir şəxsə verilirsə, o zaman mülk tam şəkildə həmin şəxsin mülkiyyətinə keçir:
“Yəni, kimə bağışlanıbsa, mülk onun adına rəsmiləşdirildiyi üçün bu şəxs onu istədiyi vaxt, istədiyi formada sata və ya başqa birinə bağışlaya bilər. Bu halda, onun evli olub-olmaması heç bir fərq yaratmır mülk onun şəxsi əmlakı sayılır və həyat yoldaşının razılığı tələb olunmur”.
Hüquqşunas həmçinin qeyd edib ki, əgər mülk bir neçə şəxsə, məsələn, iki nəfərə bağışlanarsa, vəziyyət fərqli olur:
“Bu zaman mülk artıq birgə mülkiyyət sayılır və hər iki şəxsin razılığı olmadan onu satmaq və ya başqa şəxsə vermək mümkün deyil. Hər iki tərəf razılıq verdiyi halda isə satış həyata keçirilə bilər. Eyni qayda, artıq mövcud mülk birgə adınadırsa da tətbiq olunur: yalnız hər iki sahibkarlığın razılığı ilə mülk üzərində əməliyyatlar qanuni hesab edilir”.
Fidan